“Amerikanın texnologiyası iman qarşısında aciz qaldı”
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Dəniz Qüvvələrinin komandanı Əli Rza Tənqsiri, ABŞ-ın Fars körfəzində keçmiş illərdə həyata keçirdiyi hücumlar və İranın müqaviməti barədə geniş açıqlama verib.
Komandan qeyd edib ki, ABŞ-ın müasir silahlarla təchiz olunmasına baxmayaraq, İran qüvvələri məhdud imkanlarla, lakin böyük inam və iradə ilə döyüşüb:
“Amerikalıların əlində ən qabaqcıl texnologiyalar var idi, bizdə isə sadəcə RPG silahları. Nə hava dəstəyimiz, nə də logistika imkanlarımız vardı. Amma bir il yarım onlarla üz-üzə döyüşdük və nəticədə onları diz çökdürdük.”
Tənqsiri bildirib ki, ABŞ-a qarşı döyüşlərdə şəhid olan doqquz iranlı dənizçi İran dirənişinin qürur simvoluna çevrilib:
“Amerikaya vurulan doqquz zərbənin altısı müdafiə illərində endirildi. Onlar texnologiyaya sahib idilər, biz isə imana. Nəticədə qalib gələn biz olduq.”
Hürmüz boğazı “dünyanın enerji ürəyi” adlandırıldı
Komandan Hürmüz boğazını “dünyanın enerji ürəyi” adlandıraraq bildirib ki, İran bu strateji bölgəni daim qoruyub və onun bağlanmasına heç vaxt imkan verməyib.
O, nüvə yanacağı daşıyan gəmilərin və xarici hərbi qüvvələrin bölgəyə girməsinin həm ekoloji, həm də təhlükəsizlik baxımından ciddi risklər yaratdığını vurğulayıb:
“Bu sularda bir qəza baş versə, Fars körfəzinin duzlu suları belə illərlə istifadə edilə bilməz.”
“İran 300 ildir hücumkar olmayıb, amma cavabsız da qalmayacaq”
Əli Rza Tənqsiri qeyd edib ki, İran üç əsrdir heç bir ölkəyə hücum etməyib, lakin düşmən təcavüzünə qarşı hər zaman cavab verməyə hazırdır:
“Biz heç vaxt müharibə istəməmişik, amma ölkəmizə hücum edənlər cavablarını alıblar. Tehran gərginlik yaratmaq niyyətində deyil, lakin milli maraqlarımızı müdafiə etməkdən də əsla vaz keçməyəcəyik.”
Komandan, İranın 1988-ci ildə ABŞ-a məxsus USS Samuel B. Roberts hərbi gəmisini batırmasını xatırladaraq, bunu “kiçik, lakin iradəli bir millətin imperiya gücünə endirdiyi zərbə” kimi qiymətləndirib.
“Bir vaxtlar bizə tikanlı məftil vermirdilər, indi isə İHA ixrac edirik”
Tənqsiri İranın son illərdə qazandığı texnoloji və müdafiə nailiyyətlərinə toxunaraq deyib:
“Bir zamanlar bizə tikanlı məftil belə vermirdilər, bu gün isə biz raket, pilotsuz uçuş aparatları və dəniz texnologiyaları ixrac edirik.”
O əlavə edib ki, Qərb dövlətlərinin İranı hədəfə almasının səbəbi nüvə silahı deyil, onun müstəqil siyasəti və elmi inkişafıdır:
“Düşmənlər nüvə bombamızdan deyil, müstəqil və azad İran modelindən qorxurlar.”
“Süleymani bayraq üçün ağlamışdı”
Komandan çıxışının sonunda şəhid general Qasım Süleymaninin milli dəyərlərə bağlılığından söz açıb:
“Süleymani bayrağımıza hörmətsizlik edildiyini eşidəndə ağlamışdı. Çünki bu bayraq bir millətin varlığının rəmzidir. Bu gün də həmin bayraq eyni əllərlə, eyni imanla qorunur.”