Dəməşq: “QSD” atəşkəsi 48 saat keçməmiş pozdu
Suriya Müdafiə Nazirliyinin Mətbuat və Kommunikasiya İdarəsi açıqlayıb ki, Suriya Demokratik Qüvvələri (QSD) Hələb əyalətinin şərqində, Tişrin bəndi yaxınlığında orduya məxsus mövqeləri hədəfə alıb. Hücum nəticəsində bir hərbçi həlak olub, bir neçəsi yaralanıb.
Nazirlik bildirib ki, bu, atəşkəs elan olunduqdan cəmi 48 saat sonra baş verib. Açıqlamaya görə, QSD qüvvələri ordunun yerləşmə xətləri boyunca 10-dan çox pozuntu törədib və yeni istehkam işlərinə başlayıb.
Suriya Müdafiə Nazirliyi əlavə edib ki, QSD-nin müxtəlif bölgələrdə ordunun və təhlükəsizlik qüvvələrinin hədəfə alınmasına yönəlik təxribatçı rabitə danışıqları apardığı müəyyən edilib.
QSD: “Hökumət qüvvələrinin hücum cəhdini dəf etdik”
QSD-nin Mətbuat Mərkəzi isə tam əks mövqe sərgiləyərək bildirib ki, Suriya hökumətinə bağlı silahlı dəstələr cümə axşamı səhər saatlarında Tişrin bəndi ətrafında onların mövqelərinə sızmağa cəhd edib.
Mərkəzin məlumatına görə, hücumçular əl qumbaralarından istifadə edərək QSD qüvvələrinə hücum etməyə çalışıblar. QSD-nin cavab atəşi nəticəsində hökumət qüvvələrinin bir üzvü öldürülüb, digərləri isə “geri çəkilməyə məcbur olublar.”
Açıqlamada vurğulanıb ki, QSD “yalnız özünümüdafiə hüququndan istifadə edib” və bölgədə sabitliyin qorunmasına sadiq qalır.
Müşahidəçilər: Gərginlik nəzarət altındadır
Suriya İnsan Haqları Müşahidə Mərkəzi məlumat verib ki, hadisədən sonra Hələb şəhərində təhlükəsizlik qüvvələri Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrinə giriş yollarını yenidən qismən açıb. Bir neçə gün bağlanan əl-Avarız və əl-Şeyhan yolları artıq piyadaların istifadəsinə verilib, lakin avtomobil girişinə hələ icazə yoxdur.
Mənbə əlavə edib ki, yaxın saatlarda ərazidəki torpaq sədlərinin və baryerlərin tamamilə aradan qaldırılması gözlənilir.
Atəşkəs iki gün əvvəl əldə olunmuşdu
Xatırladaq ki, Suriya Müdafiə Naziri Merhəf Əbu Qəsrə və QSD komandanı Məzlum Əbdi arasında iki gün əvvəl baş tutan telefon danışığı zamanı Suriyanın şimal və şimal-şərqində yerləşən bütün hərbi mövqelərdə atəşkəs rejimi barədə razılıq əldə edilmişdi.
Lakin son hadisələr göstərir ki, tərəflər arasında etimad hələ də zəifdir və bölgədə gərginlik tam aradan qalxmayıb.