Nəxalə: “Müqavimət danışıqlarda prinsipial mövqedə qalır”
Fələstinin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nəxalə “Əl-Məyadin” telekanalına verdiyi açıqlamada bildirdi ki, müqavimət hərəkatı müəyyən bəndlər üzrə müsbət yanaşma nümayiş etdirərək danışıqlara açıqdır. O, xüsusilə əsirlərin mübadiləsi məsələsinin yaxın günlərdə reallaşa biləcəyini qeyd edib.
“Əgər bu məsələ həllini tapsa, düşmənin davamlı hücumlarını əsaslandıran bəhanələr aradan qalxacaq,” – deyə Nəxalə vurğulayıb.
“Ən ağır mübarizədəyik, lakin təslim olmayacağıq”
Ziyad Nəxalə “Əqsa tufanı” əməliyyatının ikinci ildönümündəki çıxışında qeyd edib ki, Tramp planı fələstinlilərin tam təslim olmasını nəzərdə tutur.
O bildirib:
“Düşmən danışıqları xalqımızı və müqaviməti təslimçiliyə sürükləmək üçün vasitəyə çevirmək istəyir. Lakin biz bu qədər qurban verdikdən sonra onların şərtlərinə boyun əyməyəcəyik. Müqavimət hazırda Tramp planı çərçivəsində amansız danışıqlar mübarizəsi aparır.”
Nəxalə əlavə edib ki, mübarizə tarixinin ən ağır dövrü yaşanır:
“On minlərlə şəhid, yaralı və minlərlə əsir verdik. Düşmən də gözləmədiyi itkilərlə üzləşdi. Biz haqq tərəfdəyik və haqqımızı bərpa etməyincə geri çəkilməyəcəyik.”
“Başımızı dik tutaraq bu mərhələdən çıxacağıq”
Nəxalənin sözlərinə görə, Fələstin xalqı mühüm tarixi dönəmdədir:
“Müqavimət bu savaşdan alnıaçıq çıxmalıdır. Qəhrəman xalqımızın başı dik olmalıdır. Fələstin xalqı heç vaxt təslim olmayacaq və Qəzza səmasında təslimiyyət bayraqları dalğalanmayacaq.”
O xatırladıb ki, fələstinlilər onilliklərdir mübarizə aparır və nəsildən-nəslə bu irsi yaşadırlar:
“Torpaqlarımızdan qovulduğumuz gündən bu yana xalqımız heç vaxt mübarizədən imtina etməyib və bu gün də eyni qətiyyətlə döyüşür.”
“Müqavimət hələ də meydandadır”
“Əqsa tufanı”nın ikinci ildönümü münasibətilə Nəxalə qeyd edib:
“İki ildir biz bütün vasitəçi təşəbbüslərinə müsbət yanaşdıq, lakin düşmən hücumlarını dayandırmaq istəmədi. Fələstin xalqı isə səbrlə və birliyini qoruyaraq müqavimətini davam etdirir.”
Onun sözlərinə görə, fələstin müqaviməti hələ də aktiv şəkildə mübarizə aparır və hər gün düşmənə yeni itkilər verir.
“İki il ərzində xalqımız öz ləyaqəti və tarixi naminə böyük bədəllər ödəyib. Düşmən hər şeyi məhv etsə də, xalqımız sionist cinayətkarlara təslim olmayıb.”
Misirdə danışıqlar davam edir
Hazırda Şarm əl-Şeyxdə HƏMAS və İsrail nümayəndə heyətləri arasında dolayı danışıqlar davam edir. Regional və beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan müzakirələrdə humanitar və təhlükəsizlik məsələləri üzrə irəliləyiş olduğu bildirilir.
HƏMAS yaxın günlərdə əsirlərin azad edilməsi təklifini qəbul etdiyini açıqlayıb. ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə danışıqların “sürətlə və uğurla” irəlilədiyini bəyan edib.