İranda Pul İslahatı: 4 Sıfır Silinir

2 Dəq Oxuma Müddəti

Milli valyutadan 4 sıfırın silinməsi planı təsdiqləndi

İran Mərkəzi Bankının İqtisadi Siyasətlər Baş İdarəsinin rəhbəri Cəfər Mehdiəzadə bildirib ki, milli valyutadan dörd sıfırın silinməsi ilə bağlı qanun layihəsi parlamentdə təsdiqlənib və bu prosesin icrası üçün yeni struktur yaradılıb. Onun sözlərinə görə, bu məsələyə rəhbərlik edəcək “Milli Qərargah”a şəxsən İran Prezidenti başçılıq edəcək.

Mehdiəzadə qeyd edib ki, bu layihənin elmi və hüquqi əsasları hələ 2007-ci ildən (1386-cı il) etibarən araşdırılmağa başlanılıb. Layihə 2019-cu ildə hökumət tərəfindən parlamentə təqdim edilib və daha sonra Şura-ye Negahban (Mühafizə Şurası) tərəfindən nəzərdən keçirilərək təsdiq olunub. Lakin yeni Mərkəzi Bank qanununun qəbulundan sonra prosedurun yenidən icrası zəruri sayılıb və bu gün parlament tərəfindən yekun şəkildə qəbul olunub.

Yeni valyuta vahidi: “Qiran”

Yeni qanuna əsasən, İranın rəsmi pul vahidi “rial” olaraq qalacaq, lakin onun alt vahidi kimi “qiran” müəyyənləşdiriləcək. Beləliklə, 1 rial 100 qirana bərabər olacaq. Bu dəyişiklik milli pulun dəyərinin sabitləşdirilməsi və əməliyyatların sadələşdirilməsi məqsədi daşıyır.

Keçid dövrü və icra mexanizmi

Mərkəzi Bank rəsmisinin sözlərinə görə, layihənin icrası mərhələli şəkildə həyata keçiriləcək. Qanuna əsasən, iki illik hazırlıq dövrü və ardınca üç illik keçid mərhələsi nəzərdə tutulub. Bu müddətdə ictimai maarifləndirmə, proqram təminatlarının yenilənməsi və hüquqi mexanizmlərin uyğunlaşdırılması aparılacaq.

Mehdiəzadə əlavə edib ki, faktiki hazırlıqlar hələ 2018-ci ildən başlayıb – o dövrdə yeni çap olunan əskinaslardan dörd rəqəminin tədricən çıxarılması prosesi həyata keçirilib. Onun sözlərinə görə, bu tədbirlər gələcəkdə həyata keçiriləcək genişmiqyaslı dəyişikliklər üçün baza yaradıb.

Qərargahın fəaliyyəti və beynəlxalq təcrübə

Yeni yaradılacaq Milli Qərargahın fəaliyyətinə bir sıra dövlət qurumları, iqtisadi komitələr və texnoloji strukturlar da cəlb olunacaq. Qərargahın əsas məqsədi hüquqi, texniki və ictimai mərhələləri əlaqələndirmək və layihənin problemsiz icrasını təmin etməkdir.

Mehdiəzadə vurğulayıb ki, oxşar islahatlar bir çox ölkələrdə – o cümlədən Türkiyə, Braziliya və Zimbabvedə həyata keçirilib. İran tərəfi bu ölkələrin həm uğurlu, həm də uğursuz təcrübələrindən dərs alaraq prosesi daha sabit və tədricən keçirməyi planlaşdırır.

Bu dəyişiklik milli valyutanın real dəyərini artırmasa da, hesablaşma əməliyyatlarını sadələşdirmək, inflyasiya gözləntilərini azaltmaq və maliyyə sistemindəki sabitliyi gücləndirmək məqsədi daşıyır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş