Məskunlaşanların Əl-Əqsaya basqını
Bu gün səhər saatlarında İsrailli məskunlaşan qruplar işğal polisi tərəfindən qorunaraq Qüdsdəki Əl-Əqsa məscidinə daxil olublar. Basqın, yəhudi təqviminə görə qeyd edilən “Kipur bayramı” adı altında həyata keçirilib.
Mənbələrin verdiyi məlumata görə, İsrail polisi məscid və Köhnə Şəhər ətrafında ciddi nəzarət tədbirləri görüb, fələstinlilərin ibadət məkanına girişini məhdudlaşdırıb.
Yeni basqın planı
“Saxta Məbəd təşkilatları ittifaqı” adlı qruplar növbəti bazar ertəsi keçiriləcək “Sukkot bayramı” bəhanəsi ilə daha genişmiqyaslı basqın çağırışı yayıblar. Bu səbəbdən bölgədə gərginliyin daha da artacağı gözlənilir.
Qüds “böyük həbsxana”ya çevrildi
İşğal polisi şəhərdə beton bloklar və dəmir baryerlər quraşdıraraq küçələri bağlayıb. Məqsəd məskunlaşanların avtobuslarının keçidini asanlaşdırmaq və fələstinlilərin şəhər daxilində sərbəst hərəkətini məhdudlaşdırmaqdır. Beləliklə, Qüds demək olar ki, açıq səma altında böyük bir həbsxanaya çevrilib.
İşğalın Qərb sahilində eskalasiyası
Eyni zamanda İordan çayının qərb sahilində İsrail ordusu bir sıra basqınlar həyata keçirib. Əl-Birə şəhərində canlı güllələrdən istifadə edilib, Cəninin qərbində yerləşən əl-Yamun qəsəbəsində evlər hərbi qərargaha çevrilib. Yəbud qəsəbəsində isə yaşayış binası hərbi məntəqəyə dönüştürülüb.
“Əl-Qüds Briqadaları – Cənin bölməsi” İsrail ordusuna qarşı müqavimət göstərərək Yəbud qəsəbəsində hərbi maşına qarşı partlayıcı qurğu işə saldıqlarını və israilli hərbçilər arasında yaralıların olduğunu açıqlayıb.
Torpaqların müsadirəsi
Fələstinli mənbələr bildirir ki, işğalçı ordu Ramallah və Əl-Birə vilayətlərində 35 dönüm torpağa hərbi əməliyyat bəhanəsi ilə “əl qoyub”. Bu addım bölgədə yeni məskunlaşma faktlarının yaradılması və fələstinlilərin torpaqlarının ələ keçirilməsi planlarının bir hissəsi hesab olunur.