Ərakçi: Qərbin Planları İflasa Uğradı, Həll Fələstinin Öz Müqəddəratında

2 Dəq Oxuma Müddəti

Ərakçi: Fələstinin azadlıq haqqı tanınmalıdır

İranın xarici işlər naziri Abbas Ərakçi CNN telekanalına müsahibəsində Qəzzada davam edən qətliamların dayandırılması üçün bütün hökumətlərin əməkdaşlıq etməli olduğunu vurğulayıb. O, son səkkiz ildə bölgə üçün 100-dən çox plan irəli sürüldüyünü, lakin yalnız bir yolun davamlı sülh gətirəcəyini bildirib: Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnun tanınması.

Ərakçi əlavə edib ki, dünyanın mövqeyi hələ də qeyri-müəyyəndir: “Gözləyirik, görək bu prinsip qəbul ediləcəkmi, ya yox.”

ABŞ-la acı təcrübələr

Nazir həmçinin İran-ABŞ münasibətlərində yaşanan iki ağır təcrübəni xatırladıb. Birinci hadisə – Tehranla imzalanan nüvə sazişindən Vaşinqtonun birtərəfli qaydada çıxması olub. İkinci isə bu il baş verib: tərəflər arasında dolayı danışıqlar aparıldığı vaxt İran hərbi hücuma məruz qalıb.

Ərakçi deyib ki, ötən həftə Nyu-Yorka “ədalətli, balanslı və konstruktiv” təkliflərlə gəlib. Lakin ABŞ və Avropa troikası bu təşəbbüsləri rədd edərək BMT sanksiyalarını bərpa etmək üçün “Mexanizmi işə salma” addımına əl atıblar. Bu isə böhranı daha da dərinləşdirib.

Nüvə məsələsi və hücumlar

Nazir xatırladıb ki, ABŞ İranın nüvə obyektlərini və zənginləşdirmə mərkəzlərini hədəfə alsa da, nəticə əldə etməyib: “Çünki İranın nüvə texnologiyası daxili istehsaldır, idxal olunmayıb.”

Onun sözlərinə görə, hərbi təzyiqlər problemi həll edə bilməyəcək, yeganə çıxış yolu diplomatiyadır.

İran dialoqa açıqdır

Ərakçi qeyd edib ki, sanksiyalar və hərbi variant sülhə aparmır: “Güc tətbiqi sınaqdan keçirildi və uğursuz oldu. Biz daim siyasi həll yolları üçün dialoqa hazırıq.”

Xatırladaq ki, Avropa troikası ötən həftə BMT-nin İrana qarşı sanksiyalarını yenidən qüvvəyə mindirib. ABŞ dövlət katibi Marko Rubi isə bu qərarı məmnuniyyətlə qarşılayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş