Starbucks Şimali Amerikada Mağazalarını Bağlayacaq Və İşçi İxtisar Edəcək

2 Dəq Oxuma Müddəti

Starbucks yenidənqurma planı açıqladı

ABŞ mərkəzli qəhvə şəbəkəsi Starbucks, “Starbucks-a dönüş” strategiyası çərçivəsində yeni yenidənqurma planı hazırlayıb. Şirkət, bu plan çərçivəsində Şimali Amerikadakı bəzi mağazalarını bağlayacağını və yüzlərlə əməkdaşını ixtisar edəcəyini açıqlayıb.

Məlumat ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim edilən hesabatda təsdiqlənib. Bildirilib ki, şirkət rəhbərliyi mövcud mağaza portfelini nəzərdən keçirib və markanın konsepsiyasına uyğun gəlməyən, həmçinin maliyyə göstəriciləri zəif olan filialların fəaliyyətinə son veriləcək.

1 milyard dollarlıq xərc

Starbucks açıqlamasında, mağaza bağlanışları, dəstək strukturlarının yenidən təşkili və digər tədbirlərin şirkətə təxminən 1 milyard dollara başa gələcəyini bildirib. Bu məbləğin 90 faizinin Şimali Amerika əməliyyatlarına aid olduğu vurğulanıb.

Təfsilatlara görə, ümumi xərclərin:

  • 150 milyon dolları işçilərə ödəniləcək kompensasiyalar,

  • 400 milyon dolları mağaza aktivlərinin satışı və dəyər itkiləri,

  • 450 milyon dolları isə müqavilə müddəti bitmədən filialların bağlanması nəticəsində yaranacaq zərərlər olacaq.

900 işçi işdən çıxarılacaq

Starbucks-ın baş direktoru Brayan Nikkol ortaq sahiblərə ünvanladığı məktubda, 2025-ci maliyyə ilində Şimali Amerikadakı mağazaların ümumi sayının təxminən 1 faiz azalacağını qeyd edib.

O, həmçinin, şirkətin pərakəndə satışdan kənar xərcləri azaltmaq məqsədilə təxminən 900 pərakəndə satışla bağlı olmayan iş yerini ləğv edəcəyini açıqlayıb.

Yeni istiqamətlərə yatırım

Şirkət rəhbərliyi bildirib ki, gələcəkdə əsas diqqət müştərilərə daha yaxın olan mağazalara və investisiyalara yönəldiləcək. Beləliklə, Starbucks həm brend imicini qorumağı, həm də uzunmüddətli dayanıqlılığı təmin etməyi hədəfləyir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş