İşğal altındakı torpaqlarda həyəcan siqnalları
İsrail ordusu bu gün açıqlama verərək Yəməndən atılan bir raketin ölkə ərazisinə doğru hərəkət etdiyini təsdiqləyib. Raketin təsbit edilməsindən dərhal sonra Tel-Əviv başda olmaqla bir çox şəhərdə həyəcan siqnalları işə düşüb.
Ordu iddia edir ki, raket hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Hudeyda limanına hücumdan sonra cavab
Bu hadisə İsrailin günorta saatlarında Yəmənin qərbində yerləşən Hudeyda limanına hücumundan dərhal sonra baş verib. Ordunun açıqlamasına görə, həmin hücumda Yəmənə aid olduğu iddia edilən hərbi obyektlər hədəf alınıb.
Yəmənin cavab zərbələri
Yəmən İsrailin Qəzzaya hücumlarını davam etdirməsinə cavab olaraq mütəmadi olaraq raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirirlər. Onların 18 martda elan olunan atəşkəsin pozulmasından sonra İsrail ərazisinə hücumları daha da intensivləşib.
Yəmənin raketləri təkcə təhlükəsizlik həyəcanlarına deyil, həm də İsraildə hava nəqliyyatının fəaliyyətinə ciddi təsir göstərib. Müxtəlif mənbələrə görə, son hücumlar zamanı hava limanlarında uçuşların ləngiməsi və təxirə salınması halları qeydə alınıb.
Gərginlik artır
Hudeyda limanının bombalanması və ardınca Yəməndən İsrailə atılan raketlər bölgədə gərginliyi daha da artırır. Ekspertlər bu qarşılıqlı hücumların Qırmızı dəniz və ətraf bölgələrdə təhlükəsizliyə birbaşa təhdid yaratdığını bildirirlər.