HƏMAS: Qətərdəki hücum beynəlxalq hüququn pozulmasıdır
HƏMAS rəhbərlərindən Əbdürrəhman Şidid İsrailin Qətərdə yerləşən nümayəndə heyətini hədəf alan terror hücumu barədə açıqlama verib. O bildirib ki, bu cür cinayətlər heç vaxt HƏMAS-ı müqavimət yolundan döndərə bilməz və fələstinlilərin azadlıq arzusunu boğa bilməz.
Şidid vurğulayıb ki, İsrailin uğursuz qalan bu sui-qəsd cəhdi ABŞ-ın yeni atəşkəs təklifinin müzakirə edildiyi bir vaxtda baş verib və bununla da Tel-Əviv danışıqları pozmağa çalışır.
“Tramp və İsrail məsuliyyət daşıyır”
HƏMAS rəsmisi qeyd edib ki, hücumun Qətərdə – vasitəçi rolunu oynayan bir ölkədə həyata keçirilməsi, baş nazir Benyamin Netanyahunun bütün danışıqları sıradan çıxarmaq niyyətindən xəbər verir.
Şidid İsrailin bu hücumu ilə “BMT konvensiyalarının, beynəlxalq qanunların və Qətərin, eləcə də bütün ərəb dövlətlərinin suverenliyinin açıq şəkildə pozulduğunu” deyib. O əlavə edib:
“Donald Tramp və İsrail bu cinayətin birbaşa məsuliyyətini daşıyır. Çünki Tramp HƏMAS-a yönəlik təhdidlərindən sonra bu hücum baş verdi.”
“Tramp soyqırımın tərəfdaşıdır”
HƏMAS lideri həmçinin bildirib ki, Donald Tramp son iki ildə Fələstin xalqına qarşı həyata keçirilən “soyqırımların və davamlı qətliamların əsl şərikidir”.
O, HƏMAS-ın yalnız beş əsas prinsip əsasında – daimi atəşkəs, İsrail qüvvələrinin Qəzzadan çıxarılması, humanitar yardımların təmin edilməsi, əsirlərin mübadiləsi və Qəzzanın yenidən qurulması – razılaşmanı qəbul edəcəyini vurğulayıb.
HƏMAS-dan birgə mövqeyə çağırış
Digər HƏMAS rəsmisi Hüsam Bədran da bəyan edib ki, İsrailin Doha hücumu bu rejimin “normal dövlət deyil, nasist düşüncəli terrorçu dəstələrdən ibarət olduğunu” sübut edir.
Bədran, bütün fələstinli qruplardan və ictimaiyyət nümayəndələrindən HƏMAS-a dəstək mesajları aldıqlarını bildirib və vurğulayıb:
“Qanımız ucuz deyil. Liderlərimizin qanı da Qəzzada şəhid olan uşaqların, qadınların və qocaların qanından fərqli deyil. Biz xalqımız üçün mübarizə aparırıq və heç bir güc bizi bundan çəkindirə bilməz.”
“Qərarımız dəyişməyəcək”
O, İsrailin bu cinayətinin HƏMAS-ın siyasi və hərbi fəaliyyətinə təsir göstərməyəcəyini, əksinə, fələstinlilərin milli birliyinin qorunması istiqamətində səyləri daha da gücləndirəcəyini bəyan edib.