Trampın Neft Bazarına Təsiri Zəifləyib

3 Dəq Oxuma Müddəti

Trampın açıqlamaları neft bazarlarında əvvəlki təsiri yaratmır

ABŞ-nin “Aksios” nəşrinin apardığı təhlilə əsasən, Prezident Donald Trampın İran və Hörmüz boğazı ilə bağlı sosial şəbəkə paylaşımlarının neft qiymətlərinə təsiri zaman keçdikcə əhəmiyyətli dərəcədə zəifləyib.

Təhlildə qeyd olunur ki, müharibənin ilk həftələrində Trampın “Truth Social” platformasındakı açıqlamaları bazarlarda daha böyük dalğalanmalara səbəb olurdu. Lakin sonrakı dövrdə investorların bu paylaşımlara reaksiyası əvvəlki səviyyədə qalmayıb.

“Aksios” 28 fevral – 19 avqust tarixləri arasında Trampın İran və Hörmüz boğazı ilə bağlı 269 paylaşımını araşdırıb.

Nəticələrə görə, adi 5 dəqiqəlik dövrlərdə neft fyuçerslərinin orta hərəkəti təxminən 0,2 faiz olduğu halda, Trampın paylaşımlarından sonrakı 5 dəqiqədə və ya bazarın açılışından sonra bu göstərici 0,73 faizə yüksəlib.

Bu isə normal göstəricidən təxminən 4 dəfə yüksək dəyişiklik deməkdir.

Müharibə uzandıqca bazarın reaksiyası azalıb

Atlantik Şurasının baş elmi əməkdaşı və neft analitiki Ben Kahil bildirib ki, müharibənin ilk mərhələsində ABŞ siyasətinin istiqaməti və Vaşinqtonun məqsədləri ilə bağlı böyük qeyri-müəyyənlik mövcud idi.

Onun sözlərinə görə, həmin dövrdə bazarlarda “məlumat boşluğu” yaranmışdı və bu səbəbdən Trampın bəzi açıqlamalarına həddindən artıq reaksiya verilirdi.

Kahil qeyd edib ki, artıq bazar Trampın paylaşımlarına əvvəlki qədər əhəmiyyət vermir, çünki həmin açıqlamaların bir hissəsi real vəziyyəti əks etdirmir.

Analitikin fikrincə, Hörmüz boğazı və müharibənin məqsədləri ilə bağlı bəzi bəyanatlar faktiki olaraq bu su yolundan keçən neft həcmləri ilə birbaşa əlaqəli olmayıb.

İnvestorlar real addımları izləyir

Neft bazarındakı iştirakçılar Trampın açıqlamalarını əsasən ABŞ-nin neft daşımalarına təsir göstərə biləcək addımlarının olub-olmayacağını anlamaq üçün izləyirlər.

Xüsusilə enerji infrastrukturuna mümkün hücumlar, ixrac yollarının bağlanması və regional gərginliyin artması neft qiymətlərinə təsir edən əsas amillər hesab olunur.

Lakin zaman keçdikcə bazar iştirakçıları sosial şəbəkə açıqlamalarından daha çox real hərbi və siyasi addımlara diqqət yetirməyə başlayıblar.

Ağ Evin neft qiymətlərinə təsir imkanları azalıb

“Aksios” qeyd edir ki, Trampın İran müharibəsi dövründə verdiyi açıqlamalar qısa müddətdə bazarlarda ciddi dəyişikliklər yarada bilirdi.

Bununla yanaşı, “Truth Social” platformasının bəzi maliyyə qurumlarına Trampın paylaşımlarına daha sürətli çıxış imkanı təqdim etdiyi, bu xidmətin isə illik yüksək ödənişlərlə təklif olunduğu bildirilib.

Ben Kahil hesab edir ki, Ağ Ev müharibənin ilk iki ayında informasiya gündəminə böyük ölçüdə nəzarət edə bilib və neft qiymətlərindəki artımın təsirini azaltmağa çalışıb. Lakin sonradan bu təsir zəifləyib.

Trampın neft bazarına təsir imkanlarının azalması ABŞ daxilində də siyasi əhəmiyyət daşıyır. Demokratlar artan enerji qiymətlərindən respublikaçılara qarşı, xüsusilə aralıq seçkilər öncəsi siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş