Məkkə üçlüyünün cəmaziyələvvəli

8 Dəq Oxuma Müddəti

Elə bir ittifaq quracaqsan ki, “müqəddəs” olsun. İmzaların Ər-Riyad əvəzinə Məkkədə atılması dahiyanədir. Bir də günlərdən cümədirsə, razılaşma lap “mübarək” olar. Üstündən bir də Kəbədə ümrə etsən, nur haləsi böyüyər. Məkkə üçlüyünün hikmətini anlatmağa bismillahla başlayar, salavatla bitirərsən.

Elə müttəfiqlər seçəcəksən ki, çəkindirici olsun. Nüvə silahları ilə Pakistan ağıllı seçimdir. Düzdür, Əfqanıstanı belə çəkindirmir, amma olsun. PUA-ları ilə göz dolduran NATO üzvü Türkiyə də çox işə yarayar. Düzdür, İran müharibəsində 42 ədəd MQ9 Reaper itirən ABŞ-ın PUA-ları nə qədər çəkindiribsə, Bayraktar TB2 və Akıncılar da o qədər qorxu effekti yaradar. Bir də bu yəmənlilər var ha, onların qorxma qabiliyyəti əllərindən alınıb, qorxu ürəklərindən silinib. Səudiyyə liderliyində 10 cəngavər ölkənin havadan “qətiyyət fırtınası” 8 il boyunca ayaqyalın yəmənliləri çəkindirmədi. Bir ümid, Məkkə üçlüyünün verdiyi güclə 15 ölkənin “Bəli, niyə də olmasın” deyərək iştirak sözü verdiyi dəniz koalisiyası bu dəfə Qırmızı dənizdə yəmənlilərə dərs olar. İngilis-Amerikan donanmalarının qəzəbi kifayət etməmişdi, kim bilir, “dua oxunmuş tilsimli” ordular kifayət edər! İsrailin Tövrat ayələri ilə yağdırdığı raketlər də yandırıb-yıxdığı ilə qaldı. Biz də bir aləmik, müqəddəs kitabla yola salınmayan ordu varmı ki!

Elə bir pakt quracaqsan ki, heç kimə qarşı olmayacaq.

Amerikan qüvvələrinə baza vermisən, limanlarını ayırmısan, hava məkanını açmısan. Bunun sayəsində qonşun yaxın məsafədən vurulub; yəni hücum edən tərəfə tam şəkildə ev sahibliyi etmisən. Sonra da cavab zərbələrinin hədəfi olmusan, amma yenə də bu dəhşətli qarışıqlığın tam ortasında ittifaq qurmusan. Yenə də “İranı hədəf almır” deyirsən. Madam ki, İrana qarşı deyil, o halda onlar da “İslamın gücü”nə qoşulsunlar. Bəyanatda qeyd edildiyi kimi, üçtərəfli razılaşma tarixi bağlara, qardaşlıq münasibətlərinə və ortaq İslami həmrəylik ruhuna əsaslanmırdımı? Baxın, iranlılar raketləri ilə qlobal nəhəngin sursatını tükətdilər, onu logistika böhranına sürüklədilər; gəlsinlər, rəqs edən raketləri ilə Məkkə paktına qanad versinlər. Bəlkə Məkkənin şanına fırlana-fırlana vuran bir “Mövləvi” raketi də düzəldərlər!

“Hər şey ziddi ilə qaimdir” deyərlər! Düşməni yoxdursa, ittifaqa kim inanar? Qəzza soyqırımı zamanı İsrailə Ceyhandan neft vurub, ticarətin üzərinə örtük çəkib, Qalata körpüsündə Fələstinə ağı deyən marketinq tayfası sözə “Artıq İsrail qorxsun” deyə başlayır. Suriyanın dağıdılması başda olmaqla İsrail üçün ətraf təmizliyi aparan və ona strateji dərinlik qazandıran Amerikan müttəfiqlərinin özünü ağıllı sayan sözçüləri üçlü ittifaqın hədəflərini də İsraillə pərdələyirlər. Amma bu məsələdə türklər təkdir; səudiyyəlilər onlarla eyni qabdan yeyib-içmirlər.

Bəli, İsrail tərəfi bu hekayəni satın almağa hazır tacirlərlə doludur: “Bu ittifaq qəti şəkildə İsrailə qarşıdır.”

İttifaqı quranların hamısı Amerikanın müttəfiqi olmasaydı, yaxşı olardı. Onilliklərdir yüksək sədaqətlə regional müharibə və müdaxilələrdə təqdim etdikləri həll ortaqlığı hekayənin yox satmasına mane olur!

Ssenari səhvdir; müəllif mat qalıb.

Kontekst, zamanlama, ittifaq münasibətləri və daxili səslər “Hədəf İrana qarşı çəkindiricilik yaratmaqdır” desə də, iranlılar bu düşmənçiliyi satın almırlar. İsrailin yanacağı düşmənçilikdən gəlir; onların “bizə” qarşı qənaəti funksionaldır. İranın bunda bir marağı yoxdur. Hamı zərlərin saxta olduğunun fərqindədir.

Üç ölkədən birinə edilən hücumu hamısına edilmiş sayan bir ittifaq üçün “Heç kimə qarşı deyil” dedikdə mövcud və gələcək düşmənçilikləri öz üzərlərinə götürdükləri həqiqətini örtə biləcəklərini düşünürlər. “İslamın gücü” potensial olaraq Qəzzadakı soyqırıma qarşı ən kiçik bir çəkindiricilik yaratmadı. İran və Yəmənə hücumların səbəbini bilmək üçün də allameyi-cahan olmağa nə ehtiyac var.

“Ümmətin gücü” üç seçkin tərəfdaşdan daha artığına layiqdir, elə deyilmi?

Lakin Məkkə paktı eyni zamanda İslam aləminin daxilindəki ziddiyyətləri də üzə çıxarır. Məsələn, Misirin kənara çəkilməsi onun qüsurlu doğulduğunun şəklidir. Halbuki aylardır Məkkə üçlüyü deyil, Ər-Riyad dördlüyü gözlənilirdi. Qahirə tərəfdaşlıq danışıqlarında dairənin içində idi.

Misirin yoxluğunun səbəblərinə dair bir-birini təkzib edən iki izah gəlir. Hər ikisi mahiyyət etibarilə eyni mənzərəni təsvir edir. Ortaq maraqları birləşdirərək ittifaq sinerjisi yaratmaq qabiliyyəti yoxdur. Halbuki istənilən mənalı ittifaq maraq birliyi qədər ziddiyyətləri udmaq və maraq toqquşmalarını idarə etmək qabiliyyətindən asılıdır.

Qahirə mərkəzli Meda-ya danışan rəsmilərin qiymətləndirmələrinə baxılarsa, Misirin bəhanəsi belədir:

• Razılaşma eyni zamanda Səudiyyə liderliyində siyasi blokdur. Misirin buna tərəf olması onun hərəkət imkanlarını məhdudlaşdırar.

• Ərəb dünyasının hüdudlarından kənara çıxan bir ittifaq Misirin işinə yaramır.

• Misir Yunanıstan və Cənubi Kiprlə münasibətlərə önəm verir. Türkiyə isə Şərqi Aralıq dənizi və Egeydəki tənlikdə əlini gücləndirmək istəyir. Bu, Misirin maraqlarına xidmət etmir.

• Pakistanla ittifaq Misirin Hindistanla münasibətlərinə zərər verər.

• İttifaq Misirin Körfəzdə qoruduğu tarazlıqları da pozar. Misir Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı rəqabətdə tərəf ola bilməz.

• Bundan əlavə, Körfəzin ABŞ-dan uzaqlaşaraq yeni təhlükəsizlik sisteminə yönəlməsi real deyil.

• Türkiyə və Pakistan ABŞ-ın yerini tuta bilməz; Səudiyyə Ərəbistanı da 1990-cı ildə Küveytin İraq tərəfindən işğalı kimi böyük bir təhdidlə qarşılaşarsa, Türkiyə və Pakistana güvənə bilməz.

Səudiyyə mənbələri isə tam əksinə, Misirin ittifaqa Ər-Riyadın etirazı səbəbindən alınmadığını irəli sürür. Lakin əslində onlar medalın digər üzünü təsvir edirlər.

Middle East Eye-a danışan Səudiyyə mənbələrinə görə, məsələ Qahirədə təsvir ediləndən fərqlidir:

• Türkiyə Misiri pakta daxil etmək üçün çox səy göstərdi, amma səudiyyəlilər “hələlik yox” dedilər.

• Ər-Riyad 2013-cü ildə İxvana qarşı çevrilişdən sonra 25 milyard dollar xərcləyərək maliyyələşdirdikləri Əbdülfəttah Sisidən razı deyil.

• Misir onlar üçün əvvəlki qədər strateji və hərbi dəyər daşımır.

• Misir nəhəng maliyyə dəstəyinə baxmayaraq, səudiyyəlilərin Yəmən müharibəsinə dəstəyində görüntü xatirinə iştirak etdi. İranla gərginlikdə də gözlənilən sədaqəti göstərmədi.

• Bunun əvəzində Sisi Cənubi Yəməndəki separatçılara dəstək verərək Səudiyyə Ərəbistanının təhlükəsizliyini təhdid edən Əmirliklərə meyl etdi. Misir İranın cavab zərbələri zamanı BƏƏ-yə döyüş təyyarələri göndərərkən Ər-Riyadı görməzdən gəldi. Misir Səudiyyə Ərəbistanından asılıdır, amma nankordur!

• Türkiyə müdafiə sənayesi və hərbi təcrübəsi ilə ittifaqa güc verir; Pakistan nüvə silahları ilə ittifaqa çəkindiricilik qazandırır, amma Misirin əlavə dəyəri məhduddur.

Bu pazlda hər iki tərəfin də işarə etmədiyi bir parça ola bilər: Misir İsrailin lap yanında kövrək sərhədlərə sahib bir dövlətdir. Misir Təl-Əvivdə “Bu bizə qarşı ittifaqdır” deyə israr edən sionist azğınlığı nəzərə alır.

Əslində misirlilərin də sabah-birigün danışacağı başqa ziddiyyətlər var. İndi razı salmağa çalışdıqları Əmirliklərin regional siyasətində Misiri təhdid edən çox sayda ünsür mövcuddur. Bir neçə nümunə:

• Əmirliklər Böyük İntibah Bəndi ilə bağlı mübahisədə Misiri deyil, Efiopiyanı dəstəkləyir.

• Əmirliklər Sudanda Xartum hakimiyyətinə qarşı döyüşən “Sürətli Dəstək Qüvvələri”ni dəstəkləyir. Sudanın zəifləməsi Nil tənliyində Misirin tək qalması deməkdir.

• Əmirliklər İsraillə birlikdə Somalilendi Somalidən qoparır; bu da Qahirənin qırmızı xətlərinə daxildir.

• Qəzzada məsələ birbaşa Misirə aid olduğu halda Əmirliklər İsrailin hərbi potensialını gücləndirəcək tərəfdaşlıqlar qurur.

Bu günlük Sisi daha çox pul verənin yanına gedir. Əmirliklərin Misirə yatırımı səudiyyəlilərinkindən 50 faiz çoxdur.

Ər-Riyad naz edərkən, Ankara Misiri ittifaqda görmək üçün səbirsizlənir.

Sadə bir hesabla; Misir ittifaqa girərsə, bəlkə Liviyadakı Türkiyə hərbi mövcudluğunu problem etməkdən vaz keçər. Ən önəmlisi, Misirlə ittifaq qurularsa, Şərqi Aralıq dənizi və Egeydəki tənlik Türkiyənin xeyrinə dəyişər. Lakin bu gözlənti Qahirədəki əyləcin də səbəbidir. Bundan əlavə, bunlar Səudiyyə Ərəbistanının prioritetləri arasında deyil.

Bütün bunları sıfırlayacaq həqiqətə gəlsək; bu ittifaq qorxu içindəki səudiyyəlilərin dərdinə dərman olmadığı kimi, adını çəkmədikləri düşmənin dilini lal, gözünü kor etməz.

*Bir şəxsin gizli və ya qüsurlu keçmişi.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş