İran Ordusu hazırlıq səviyyəsini artırır
İran Ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəmi Nia ordunun əməliyyat hazırlığının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib.
Onun sözlərinə görə, zədələnmiş hərbi sistemlər bərpa olunur, eyni zamanda bölmələrə yeni texnika və avadanlıqlar verilir. Bu addımlar ordunun mövcud təhlükəsizlik şəraitinə uyğun şəkildə yenidən təşkil olunmasına xidmət edir.
“ABŞ bazalarının əsas hədəfi İrandır”
İran Hərbi Hava Qüvvələri komandanının koordinasiya məsələləri üzrə müavini briqada generalı Məsud Cəfəri bildirib ki, ABŞ-nin regiondakı hərbi bazalarının yaradılmasının əsas məqsədi İrana qarşı fəaliyyət göstərməkdir.
O qeyd edib ki, Qətərdə yerləşən Əl-Üdeyd hərbi bazasının genişləndirilməsi də məhz İranı hədəf alıb.
General Cəfərinin sözlərinə görə, bazada güclü hava hücumundan müdafiə sistemlərinin olmasına baxmayaraq, İranın Su-24 qırıcıları hücumu uğurla həyata keçirə bilib.
O əlavə edib ki, İran pilotları GPS və INS sistemlərindən istifadə etmədən, yalnız xəritələr və ilkin naviqasiya vasitələri ilə döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malikdir.
Hörmüz boğazı ilə bağlı diplomatik təmaslar davam edir
Diplomatik müstəvidə isə İran və Oman arasında Hörmüz boğazında gəmi hərəkətinin yeni qaydalarına dair danışıqlar davam edir.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi daha əvvəl tərəflər arasında ilkin razılaşmaların əldə olunduğunu açıqlayıb. O bildirib ki, razılaşmanın icrası üçün ABŞ-nin müharibənin dayandırılması, sanksiyaların ləğvi, dondurulmuş İran aktivlərinin azad edilməsi və digər öhdəliklərini yerinə yetirməsi vacibdir.
Əraqçinin Pakistana səfəri gözlənilir
Rusiya mətbuatının yaydığı məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçinin cümə günü Pakistana səfər edəcəyi gözlənilir.
Səfərin regionda gərginliyin azaldılması və İranla ABŞ arasında dolayı diplomatik təmaslar fonunda baş tutacağı bildirilir.

