Tanınmış ərəb analitiki Əbdülbari Atvan hesab edir ki, İraqın İrana dəstək verən mövqeyi, Bin Salmanın tutduğu mövqe, İnqilab Keşikçilərinin döyüş meydanındakı üstünlüyü, İran və müttəfiqlərinin Hörmüz və Babülməndəb boğazlarına nəzarət etməsi, Amerika qüvvələrinin əsir götürülməsi, ABŞ-nin humanitar və maliyyə itkilərinin artması, həmçinin Çin və Şimali Koreyanın ABŞ-yə qarşı müharibəyə qoşulması kimi amillər ABŞ-nin İrana qarşı bütün hesablarını puça çıxarıb.
Əbdülbari Atvan “Sawt” YouTube kanalında ABŞ-nin İrana qarşı apardığı müharibə ilə bağlı hadisələri dəyərləndirdiyi çıxışında bunları deyib: “ABŞ Prezidenti Tramp geri addım atdı və təslim oldu. Təhdidlərinin heç birini həyata keçirə bilmədi. Təhdid etdiyi genişmiqyaslı hücumdan əsər-əlamət yoxdur. Artıq İranla müharibə aparacaq gücü qalmayıb, qorxu və dəhşət içindədir. Təhdid üsulları ona heç bir nəticə və uğur gətirmədi. Uğursuz oldular, rüsvay oldular; Tramp və İsrail rejiminin Baş naziri Netanyahunun bütün planları fiasko ilə nəticələndi. Trampın geri addım atacağı onsuz da gözlənilirdi; çünki o, daha əvvəl də İranı beş dəfə genişmiqyaslı hücumla hədələmiş və hər dəfə geri çəkilmişdi.”
Fələstin əsilli analitik sözlərini belə davam etdirib: “Trampın geri addım atmasının çoxlu səbəbi var, lakin bunlardan ikisi çox önəmlidir. Birinci amil ABŞ işğalına və İsrail rejiminin zorakılığına qarşı çıxan İraqın prosesə qoşulmasıdır. İraqın bu məsələyə daxil olması çox təsirli oldu. ABŞ-nin İordaniya, Səudiyyə Ərəbistanı və Küveytdəki hərbi bazaları hədəfə alındı. Həmin bazalara edilən hücumlar Trampın geri çəkilməsində əsas amil oldu. İkinci səbəb isə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın ABŞ Prezidenti ilə apardığı telefon danışığı idi. Məhəmməd bin Salman bu danışıq zamanı açıq şəkildə belə dedi: ‘Mən Səudiyyə Ərəbistanı, Fars körfəzinə sahili olan ərəb ölkələri və region dövlətləri adından danışıram. Bu vəziyyətlə yolumuza davam edə bilmərik. Sizin heç bir planınız və proqramınız yoxdur. Müharibədə heç bir uğur əldə etməmisiniz. İranı və onun vəkillərini məğlub etməyiniz üçün sizə beş ay vaxt verdik, amma bircə uğur belə qazana bilmədiniz. Regiondakı bütün bazalarınız tamamilə yerlə-yeksan edildi. İndi isə uğursuzluqlarınızın və bazalarınızın dağıdılmasının əvəzini bizdən ödəməyimizi istəyirsiniz. Hamınız uduzdunuz və ABŞ döyüş təyyarələri ilə raketlərinin Səudiyyə Ərəbistanının hava məkanından istifadə etməsinə icazə verməyəcəyik.’ Bu da ABŞ-nin geri addım atmasının digər səbəbidir.”
“Rai al-Youm” qəzetinin baş redaktoru sözlərinə belə davam edib: “Amerika hər zaman İraqı İrana qarşı, İranı da İraqa qarşı istifadə edib. Amma indi İran və İraq Amerikaya qarşı birləşib və bu, ABŞ üçün regionda çox təhlükəli bir inkişafdır. Daha əvvəl İraqı İranla müharibəyə sövq edərək aralarını vurduqları üçün İraqa hücum etdilər. Lakin indi vəziyyət dəyişib; İran və İraq əsas müttəfiqə çevrilib.”
Atvan çıxışının başqa bir hissəsində bunları qeyd edib: “Çox sayda Amerika əsgərinin öldürülməsi də Trampın geri addım atmasında rol oynadı. Bəzi hesabatlar təxminən 150 Xüsusi Təyinatlı Qüvvə əsgərinin İran qüvvələri tərəfindən əsir götürüldüyünü göstərir. Bu xəbərlər ictimaiyyətə açıqlanmayıb və həmin əsgərlərin azad edilməsi üçün danışıqlar davam edir.”
Atvana görə, Trampın geri addım atmasının digər səbəbi ABŞ hərbi dairələrində və orduda artan narazılıqdır. ABŞ ordusu ümumilikdə İranla müharibəyə qarşı idi. ABŞ-nin Avropadakı ordu nümayəndəsi Trampa mesaj göndərərək belə dedi: “Biz İsrailin deyil, Amerika torpaqlarının və öz maraqlarımızın müdafiəsini etməliyik və bu müharibəyə girməyəcəyik.” Beləliklə, müharibəyə qarşı olduğunu bildirdi.
Tanınmış ərəb analitiki sözlərini belə davam etdirib: “Digər məsələ isə ABŞ-nin bu müharibədə maddi itkilərinin artmasıdır. Rəsmi statistikaya görə, indiyədək müharibəyə 100 milyard dollar xərclənib. Bu vəziyyət Amerika xalqının aclıq çəkdiyi və xəstəliklərinə müalicə tapa bilmədiyi bir dövrdə baş verir. Bu müharibə ABŞ-nin maraqlarına deyil, İsrailin maraqlarına xidmət edir.”
Atvan bunları əlavə edib: “Digər bir məsələ isə İranın gücünün artmasıdır. İran hərbi gücü ilə ABŞ-ni, İsrail rejimini və ərəb ölkələrini heyrətə saldı. İnqilab Keşikçiləri bütün döyüş meydanlarında üstünlüyü əlində saxlayır və böyük qələbələr qazanmağı bacarıb.”
“Digər bir səbəb isə Hörmüz boğazının bağlı olmasıdır. Hamı amerikalıların bu boğazın açılması və tanker keçidləri ilə bağlı yalan danışdığını bildirir. İranlılar Hörmüz boğazında üç tankeri hədəfə alaraq onları geri dönməyə məcbur etdilər. İran hazırda Hörmüz boğazına nəzarəti əlində saxlayır. Bundan əlavə, Yəməndəki Ənsarullah vasitəsilə Qırmızı dənizdə yerləşən Babülməndəb boğazına da nəzarəti əlində saxlayır.”
“Bu şəraitdə İran qlobal dəniz ticarətinin və enerjisinin böyük bir hissəsinə nəzarət edir. Bu, ABŞ və İsrail rejiminin axmaqlıqları nəticəsində ortaya çıxmış bir reallıqdır. Onlar İranın tək olduğunu və qısa müddətdə qələbə qazanacaqlarını düşünürdülər, amma bu ölkəni məğlub edə bilmədilər. İranın nüvə proqramı da zərər görmədi; 60 faizdən artıq zənginləşdirilmiş uran ehtiyatları hələ də ‘Kələnq dağı’nın 600 metr dərinliyində yerləşir və heç bir qüvvə və ya silah ora çata bilmir.”
“ABŞ bu müharibədə heç bir qazanc əldə etmədi; bütün dünyada rüsvay oldu və nüfuzunu itirdi. İsrail rejimi də ağır məğlubiyyətə uğradı və fəlakətli vəziyyətdədir. Rejim müharibənin əvvəlində təkbaşına İranı çökdürə biləcəyini düşünürdü, amma İran müqavimət göstərdi, bu rejimi və ABŞ-ni məğlub etdi.”
Atvan qiymətləndirməsinin son hissəsində bunları bildirib: “Artıq hadisələr ABŞ-nin maraqlarının əksinə inkişaf edir. Amerikalılar üçün hər gün fikrini dəyişən, sabit olmayan xarakterə malik bir prezidentə sahib olmaq utancvericidir. O, əqli qüsurlu uşaqlar kimi hədələr yağdırır.”
“Reuters-in üç mənbəyə istinadən yaydığı xəbərə görə, Çin İrana ABŞ-nin inkişaf etmiş döyüş təyyarələrini vuracaq raketlər tədarük edib. Reuters-in xəbəri doğrudur; çünki bu agentlik nadir hallarda yalan xəbər yayır və xəbəri üç mənbəyə əsaslandırdıqda onun etibarlılığı artır. Deməli, bu xəbər Çin və Şimali Koreyanın da döyüş meydanına daxil olduğunu göstərir. Rusiya da ABŞ-nin Ukraynaya verdiyi güclü dəstək qarşısında ABŞ ilə müharibədə İranı və ərəb-İslam müqavimətini dəstəkləyəcək.”
Atvan vurğulayıb: “Hadisələr sürətlə dəyişir və ABŞ-nin İrana dair bütün hesabları iflasa uğrayıb. İngilis atalar sözündə deyilir: ‘Onları məğlub edə bilmirsənsə, onlara qoşul.’ Bu atalar sözündən çıxış edərək ABŞ İranla münasibətlər quracaq və bütün ərəb ölkələrini zibil qutusuna atacaq. İsrail İranla müharibənin bir gəzinti və əyləncə olacağını düşünürdü, lakin indi İranın gücü ABŞ və İsrail rejimini qorxu və dəhşətlə üz-üzə qoyub.”

