“Fars” agentliyindən diqqətçəkən açıqlama
İranın “Fars” xəbər agentliyi Almaniya və Fransaya məxsus ən azı iki hərbi təyyarənin İordaniya hava məkanında ABŞ qüvvələrinə dəstək göstərdiyini yazıb.
Agentliyin məlumatına görə, hava hərəkətinə nəzarət sistemlərinin məlumatları həmin təyyarələrin bölgədə fəaliyyət göstərdiyini göstərir.
İran raketlərinin qarşısının alınmasına dəstək verildiyi bildirilir.
“Fars”ın yaydığı xəbərdə bildirilir ki, Almaniya və Fransa təyyarələri ABŞ qüvvələrinə İordaniyadakı Amerika hərbi bazalarına doğru buraxılan İran raketlərinin qarşısının alınmasında yardım edib.
Agentlik həmçinin qeyd edib ki, Avropa ölkələrinə məxsus hərbi təyyarələrin əməliyyata qoşulması ABŞ-ın İran raketlərini təkbaşına zərərsizləşdirməkdə çətinlik çəkməsindən sonra baş verib.
Bu xəbərlə bağlı ABŞ, Almaniya və Fransa tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Hörmüz boğazı ilə bağlı daha bir açıqlama
“Fars” agentliyi paralel olaraq bildirib ki, İranın tətbiq etdiyi məhdudiyyətlərdən sonra Qətərə məxsus ilk mayeləşdirilmiş təbii qaz yükü İranın icazəsi ilə Hörmüz boğazından keçib.
Məlumata görə, gəmi marşrut boyunca naviqasiya məlumatlarını açıq şəkildə yayımlayıb, İranın müəyyən etdiyi dəhlizdən istifadə edərək beynəlxalq sulara problemsiz çıxıb.
İnqilab Keşikçiləri əvvəlcədən xəbərdarlıq etmişdi
Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu təhlükəsiz hesab edilməyən marşrutla Hörmüz boğazını keçməyə çalışan iki neft tankerinin geri döndüyünü açıqlamışdı.
Korpus həmçinin bəyan etmişdi ki, ABŞ-ın İrana qarşı hərbi təhdidləri və müdaxilələri başa çatmayınca Hörmüz boğazındakı məhdudiyyətlər qüvvədə qalacaq. Bundan əlavə, ABŞ-a dəstək verən ölkələrin sərt cavabla üzləşəcəyi barədə xəbərdarlıq edilmişdi.

