İran Xəzər dənizində hücum barədə açıqlama yayıb
İran Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda bildirib ki, Kiyev rejimi səhər saatlarında Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum həyata keçirib. Məlumata görə, hücum nəticəsində gəmidə partlayış baş verib, bir dənizçi həlak olub, daha bir nəfər isə yaralanıb.
Nazirlik bəyan edib ki, bu hücum açıq təcavüz aktıdır və bölgədə müharibənin daha da alovlanmasına, eləcə də coğrafiyasının genişlənməsinə səbəb ola bilər.
Tehran: Bu addım Ukraynanın düşmənçilik siyasətini göstərir
İran Xarici İşlər Nazirliyi vurğulayıb ki, ticarət gəmisinə hücum Kiyev rejiminin İrana qarşı düşmənçilik siyasətinin növbəti göstəricisidir.
Bəyanatda qeyd olunub ki, Ukrayna bununla yalnız beynəlxalq hüququ pozmayıb, həm də təhlükəli şəkildə müharibənin miqyasını genişləndirməyə çalışır.
Tehran Şərqi Avropada və ətraf bölgələrdə sülhün qorunmasında maraqlı olan bütün tərəfləri bu hadisəyə məsuliyyətli münasibət göstərməyə və Ukraynanın addımına qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırıb.
İran məsuliyyətin Kiyev və tərəfdarlarının üzərində olduğunu bildirib
Xarici İşlər Nazirliyi bəyanatının sonunda bildirib ki, Ukrayna rəhbərliyinin bu addımından irəli gələcək bütün nəticələrə görə məsuliyyət Kiyev rejiminin və ona dəstək verən qüvvələrin üzərinə düşür.
Zelenski Xəzər dənizində əməliyyatlar barədə danışdı
Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində Rusiya hərbi gəmisini və İranla əlaqələndirilən hərbi yüklərin daşınmasında istifadə olunduğunu iddia etdiyi gəmiləri hədəfə alıb.
Zelenski həmçinin Rusiyanın peyk sistemlərinin İranın Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına qarşı həyata keçirdiyi hücumların koordinasiyasında Tehrana dəstək verdiyini iddia edib.

