BMT rəsmisindən İsrailə ağır sözlər
BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanize şənbə günü verdiyi açıqlamada İsrail ordusu ilə yəhudi məskunlaşanların Qərbi Sahildə silahsız fələstinli mülki şəxslərə qarşı birlikdə kütləvi qırğınlar törətdiyini bildirib.
Albanize sosial şəbəkədə paylaşdığı açıqlamada qeyd edib ki, məskunlaşanlar və İsrail hərbçiləri koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Onun sözlərinə görə, məsələ yalnız İsrailin Baş naziri Benyamin Netanyahu və ya ayrı-ayrı şəxslərlə məhdudlaşmır.
“Bax, İsrail budur”, – deyə BMT rəsmisi vurğulayıb.
İsrailə silah və ticarət embarqosu çağırışı
Françeska Albanize beynəlxalq ictimaiyyəti İsrailə qarşı silah embarqosu tətbiq etməyə və ticarət əlaqələrini dərhal dayandırmağa çağırıb.
O bildirib ki, beynəlxalq hüququn tələbləri məhz belə bir addımın atılmasını zəruri edir.
Qərbi Sahildən görüntülər paylaşılıb
Albanize paylaşımına Qərbi Sahilin şimalında, Qalqiliyə vilayətinin Fərata kəndində İsrail hərbçiləri və məskunlaşanların fələstinlilərə hücumlarını əks etdirdiyi bildirilən videonu da əlavə edib.
Qərbi Sahildə əməliyyatlar davam edir
Son günlər Qərbi Sahilin müxtəlif şəhər və qəsəbələrində İsrail ordusunun genişmiqyaslı reydləri davam edir. Əməliyyatlar zamanı yaşayış evlərində axtarışlar aparılır, onlarla fələstinli saxlanılır.
Bununla yanaşı, yəhudi məskunlaşanların fələstinlilərə qarşı hücumlarının da davam etdiyi, nəticədə çoxsaylı mülki şəxslərin xəsarət aldığı bildirilir.

