Tehran Vaşinqtona xəbərdarlıq etdi
İranın “Xatəm əl-Ənbiya” Mərkəzi bəyan edib ki, ölkə heç vaxt ABŞ-ın Hörmüz boğazının idarə olunmasına müdaxilə etməsinə icazə verməyəcək.
Qurumun açıqlamasında qeyd olunub ki, ABŞ-ın bölgəyə müdaxilə cəhdləri regional təhlükəsizliyi, beynəlxalq ticarəti və neft tankerlərinin hərəkətini ciddi risk altına salıb.
Bölgə ölkələrinə çağırış
Bəyanatda bəzi regional dövlətlərin ABŞ-la əməkdaşlığının müharibənin daha geniş əraziyə yayılması riskini artırdığı bildirilib.
“Xatəm əl-Ənbiya” Mərkəzi vurğulayıb ki, bölgədə təhlükəsizliyin pozulmasına və müharibənin genişlənməsinə görə məsuliyyət ABŞ-ın və onunla əməkdaşlıq edən ölkələrin üzərinə düşür.
Qurum həmçinin bəyan edib ki, ABŞ-la hər hansı əməkdaşlıq və İsrailə dəstək İranın suverenliyi və milli təhlükəsizliyinə qarşı müharibə kimi qiymətləndiriləcək.
Tramp Hörmüz boğazı ilə bağlı planını açıqladı
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşma İran tərəfindən pozulub.
Onun sözlərinə görə, ABŞ Hörmüz boğazına nəzarəti öz üzərinə götürəcək və həmin su yolunun təhlükəsizliyini təmin etmək üçün ödəniş tətbiq edəcək.
İran ABŞ-ı razılaşmanı pozmaqda ittiham etdi
İran Xarici İşlər Nazirliyinin sözçüsü və danışıqlar heyətinin üzvü İsmayıl Bəqai isə bəyan edib ki, ABŞ İranla imzalanmış anlaşmanın müddəalarını qısa müddət ərzində dəfələrlə pozub.
Onun sözlərinə görə, Vaşinqton yalnız razılaşmanı pozmaqla kifayətlənməyib, həm də dəniz gəmiçiliyinin təhlükəsizliyini risk altına ataraq bölgədə gərginliyi daha da artırıb.
Qarşılıqlı hücumlar davam edir
Məlumata görə, son iki gün ərzində ABŞ-ın hücumları Bəndər-Abbas, Buşəhr, Sirik, Keşm, Cask, Konarak və Çabahar bölgələrini əhatə edib.
Bildirilir ki, hava hücumları zamanı hava hücumundan müdafiə sistemləri, sahil müşahidə obyektləri, raket və pilotsuz uçuş aparatları infrastrukturu, liman obyektləri və mülki infrastruktur hədəfə alınıb.
İran tərəfi isə cavab olaraq Körfəz ölkələrində yerləşən və ABŞ qüvvələrinin istifadə etdiyi hərbi bazalara zərbələr endirdiyini açıqlayıb.

