Bloomberg: Səudiyyə-BƏƏ Gərginliyi Qlobal Bazarları Narahat Edir

2 Dəq Oxuma Müddəti

Qlobal maliyyə qurumları risk ssenarilərini nəzərdən keçirir

“Bloomberg”in yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin gərginləşməsi beynəlxalq maliyyə və investisiya şirkətlərini mümkün böhrana hazırlaşmağa sövq edib.

Bildirilir ki, Goldman Sachs, Morgan Stanley, BlackRock, BrookfieldKKR kimi iri maliyyə qurumları Ər-Riyad və Əbu-Dabi arasındakı münasibətləri yaxından izləyir.

Regional fikir ayrılıqları dərinləşir

Hesabatda qeyd olunur ki, iki ölkə arasında siyasi ziddiyyətlər Yəmən, Sudan və Afrika Buynuzu ilə bağlı fərqli mövqelər səbəbindən son dövrdə daha da artıb.

Məlumata görə, hər iki tərəfin regionda müxtəlif qüvvələri dəstəkləməsi beynəlxalq investorlar arasında narahatlığı gücləndirib.

Şirkətlər yeni çətinliklərlə üzləşir

“Bloomberg” bildirir ki, BƏƏ-də fəaliyyət göstərən bəzi şirkətlər Səudiyyə Ərəbistanında iş vizalarının alınması zamanı problemlərlə qarşılaşıb.

Bundan başqa, son həftələrdə Səudiyyə Ərəbistanından BƏƏ-yə həyata keçirilən bəzi bank köçürmələrində qeyri-adi gecikmələrin müşahidə olunduğu qeyd edilib.

ABŞ-ın maraqları da risk altındadır

Hesabatda vurğulanır ki, Ər-Riyad və Əbu-Dabi arasında rəqabətin davam etməsi ABŞ-ın Körfəz siyasətini də çətinləşdirə bilər.

“Avrasiya Qrupu”nun Yaxın Şərq və Şimali Afrika üzrə idarəedici direktoru Firas Məqsudun sözlərinə görə, ABŞ-ın əsas regional müttəfiqləri arasında parçalanmanın dərinləşməsi, xüsusilə İranla gərginlik fonunda Vaşinqtonun strateji maraqlarına uyğun deyil.

Neft bazarı və tədarük zəncirləri üçün risk

Hesabatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında rəqabətin güclənməsi qlobal neft bazarına əlavə təzyiq yarada bilər.

Bununla yanaşı, Hörmüz boğazında təhlükəsizlik risklərinin artdığı bir dövrdə regionda quru nəqliyyat marşrutlarının inkişafı istiqamətində görülən işlərin də mənfi təsirlə üzləşə biləcəyi vurğulanıb.

Məlumata görə, atəşkəs elan edildikdən sonra “Wall Street”in bir çox yüksək vəzifəli nümayəndəsi Əbu-Dabiyə üstünlük versə də, beynəlxalq maliyyə institutları tərəflərdən heç birinin yanında görünməməyə çalışır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş