İran ABŞ Bazalarına Genişmiqyaslı Zərbələr Endirdiyini Açıqladı

2 Dəq Oxuma Müddəti

Dörd mərhələli əməliyyat elan edildi

İran İnqilab Keşikçiləri Korpusu bazar ertəsi səhər saatlarında ABŞ-ın hücumlarına cavab olaraq bir neçə mərhələdən ibarət hərbi əməliyyat həyata keçirdiyini bildirib.

Qurumun məlumatına görə, ilk mərhələdə İordaniyada yerləşən “Əmir Həsən” aviabazası raketlər və pilotsuz uçuş aparatları ilə vurulub. Bildirilir ki, zərbələr nəticəsində raket və yanacaq anbarlarında güclü yanğın baş verib.

Bəhreyn və Küveytdəki ABŞ bazalarının hədəfə alındığı bildirildi

İkinci mərhələdə Bəhreyndə yerləşən “Şeyx İsa” aviabazasında helikopterlərin təmiri və texniki xidmət mərkəzləri, P-8 tipli elektron kəşfiyyat təyyarələri üçün obyekt və ABŞ ordusunun pilotsuz uçuş aparatlarının komanda-idarəetmə mərkəzinin məhv edildiyi bildirilib.

Üçüncü mərhələdə isə Küveytdə yerləşən “Əli Əl-Salim” bazasında yanacaq anbarlarının və Patriot hava hücumundan müdafiə sisteminin vurulduğu açıqlanıb.

Bundan başqa, “Əhməd Əl-Cabir” bazasında yerləşən FPS tipli strateji radar sisteminin də sıradan çıxarıldığı bildirilib.

Dördüncü mərhələdə yeni hədəflər vuruldu

İnqilab Keşikçiləri Korpusu dördüncü mərhələdə Küveytdə ABŞ ordusuna məxsus yer-yer raket bazasının hədəfə alındığını bəyan edib.

Məlumata görə, HIMARS raket buraxılış qurğuları və sursat anbarları tamamilə məhv edilib.

Qurum həmçinin Bəhreynin Cufeyr bölgəsində yerləşən ABŞ hərbi infrastrukturunun, eləcə də Omanda yerləşən FPS tipli uzaqmənzilli radar və üzən müşahidə radarının raket və pilotsuz uçuş aparatları ilə vurulduğunu açıqlandı.

Hörmüz boğazı ilə bağlı sərt mesaj

İran İnqilab Keşikçiləri Korpusu bəyan edib ki, Hörmüz boğazının yenidən açılması üçün yeganə yol ABŞ ordusunun bölgəyə müdaxiləsini dayandırması və dövlətlərin ərazi sularına hörmət göstərməsidir.

Qurum ABŞ-ı Mahşəhr şəhərində kənd təsərrüfatına aid su nasosunu hədəfə almaqda ittiham edib və xəbərdarlıq edib ki, müdaxilələrin davam etməsi qlobal neft və qaz sektoruna təsir göstərə biləcək daha geniş hadisələrə səbəb ola bilər.

Açıqlamada həmçinin qeyd olunub ki, ABŞ-ın son hücumları zamanı Xürrəmabad şəhəri üzərində buraxıldığı bildirilən “Kruiz” raketi İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş