ABŞ İranın Strateji Limanlarını Vurdu

2 Dəq Oxuma Müddəti

ABŞ yeni hücumlara başladığını açıqladı

ABŞ Mərkəzi Komandanlığı bazardan bazar ertəsinə keçən gecə İrana qarşı yeni zərbələrin endirildiyini açıqlayıb.

Qurumun “X” platformasında yaydığı məlumata görə, əməliyyatların məqsədi İranın Hörmüz boğazında mülki və ticarət gəmilərinə qarşı istifadə etdiyi bildirilən hərbi imkanları zəiflətməkdir.

Strateji limanlar hədəfə alındı

İran tərəfinin məlumatına görə, hücumlar Çabahar və Bəndər-Abbas limanlarını əhatə edib. Həmçinin Buşəhr vilayətinin də hava zərbələrinə məruz qaldığı bildirilib.

Məlumata əsasən, hücumlar yalnız hərbi obyektlərə deyil, iqtisadi və strateji əhəmiyyət daşıyan infrastruktur obyektlərinə də yönəlib.

Qeyd olunub ki, Çabahar limanı Pakistan və Çinlə ticarət əlaqələrində mühüm logistika mərkəzi hesab olunur.

Cənub bölgələrində partlayışlar

İran televiziyası ölkənin cənubunda bir neçə bölgədə güclü partlayış səslərinin eşidildiyini bildirib.

Məlumata görə, Sirik şəhərinin Tahəruyi kəndi ətrafında, Bəndər-Abbasın qərbində, Keşm adasında və Cask şəhərində partlayışlar qeydə alınıb.

Bundan əlavə, Hörmüzgan vilayətində yerləşən rabitə qülləsinin də hücumların hədəfinə çevrildiyi bildirilib.

Tehran Vaşinqtonu sərt ittiham etdi

İran Xarici İşlər Nazirliyi son 24 saat ərzində həyata keçirilən ABŞ hücumlarını qəti şəkildə pisləyib.

Nazirlik bəyan edib ki, bu hücumlar beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və Qərbi Asiyada gərginliyin azaldılması istiqamətində aparılan səyləri pozur.

Bəyanatda ABŞ infrastruktur obyektlərini hədəfə almaqda, Hörmüz boğazında təhlükəsizliyi pozmaqda və beynəlxalq ticarət gəmiçiliyini təhlükə altına salmaqda ittiham olunub.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş