Fas Sensasiyaya İmza Atdı: Niderlandı Penaltilərlə Mübarizədən Kənarlaşdırdı

2 Dəq Oxuma Müddəti

İlk hissədə qapılara qol vurulmadı

2026 FIFA Dünya Kubokunun 1/16 final mərhələsində Fas və Niderland milliləri qarşılaşıb. Gərgin və yüksək mübarizə şəraitində keçən oyunun ilk hissəsində hər iki komanda ehtiyatlı çıxış edib.

Fas ilk hissədə daha təhlükəli hücumlar qursa da, Niderlandın qapıçısı Bart Verbruqqen inamlı oyunu ilə rəqibin fərqlənməsinə imkan verməyib. Niderland isə ilk ciddi qol fürsətini 44-cü dəqiqədə yaradıb. İlk yarı qolsuz bərabərliklə başa çatıb.

Qakpo hesabı açdı, Diop son anda cavab verdi

İkinci hissəyə fəal başlayan Fas bir neçə real qol imkanı yaxalasa da, bu epizodlardan yararlana bilməyib.

72-ci dəqiqədə isə Niderland hesabı açıb. Sürətli əks-hücumun sonunda Kodi Qakpo dəqiq zərbə ilə komandasını önə keçirib.

Matçın artıq Niderlandın qələbəsi ilə başa çatacağı düşünülərkən, əlavə olunan vaxtın ilk dəqiqəsində Diop baş zərbəsi ilə hesabı bərabərləşdirərək oyunu əlavə vaxta daşıyıb.

Əlavə vaxtda qalib müəyyənləşmədi

Əlavə vaxtın ilk hissəsində üstün tərəf Fas olsa da, komanda ən real qol fürsətini boşa verib.

İkinci əlavə hissədə Niderland müdafiə xəttini irəli çəkərək rəqibin hücumlarının qarşısını almağa çalışıb. Lakin tərəflər hesabı dəyişə bilməyiblər və qalib penaltilər seriyasında müəyyənləşib.

Penaltilərdə Fas daha dəqiq oldu

Onbirmetrlik cərimə zərbələri seriyasında Fas futbolçuları daha soyuqqanlı çıxış edərək 3:2 hesabı ilə qələbə qazanıblar.

Niderlandda Teun Kopmeyners və Vout Veqhorst fərqlənsələr də, Castin Klivert, Yuri Timber və Summervillin zərbələri dəqiq olmayıb.

Fasın heyətində isə Rəhimi, Talbi və Saibari penaltiləri qola çeviriblər. Əl-Aynaui və Əşrəf Hakiminin zərbələri isə uğursuz alınıb.

Fas 1/8 finala yüksəldi

Bu nəticə ilə Fas 2026 FIFA Dünya Kubokunun 1/8 final mərhələsinə yüksəlib.

Niderland isə dramatik penaltilər seriyasından sonra mundialla vidalaşıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş