CNN-dən diqqətçəkən hesabat
ABŞ-ın CNN televiziya şəbəkəsi məlumatlı mənbələrə istinadən yayımladığı hesabatda İsrailin İranla son qarşıdurma dövründə Azərbaycanda gizli hərbi və kəşfiyyat qüvvələri yerləşdirdiyini yazıb.
Məlumata görə, İsrail qüvvələri İran sərhədinə yaxın Azərbaycanın cənub bölgələrində fəaliyyət göstərib.
Hesabatda bildirilir ki, burada yerləşdirilən xüsusi təyinatlı qüvvələr və kəşfiyyat əməkdaşları müşahidə, məlumat toplama və pilotsuz uçuş aparatlarının idarə olunması kimi fəaliyyətlər həyata keçirib.
“İranın şimalı izlənirdi”
CNN-in məlumatına əsasən, həmin fəaliyyətlər İsrailə İranın geniş şimal bölgələrini izləməyə imkan yaradıb.
Mənbələr bildiriblər ki, Azərbaycandakı obyektlər İsrailin regiondakı daha geniş gizli şəbəkəsinin bir hissəsi olub.
Həmin şəbəkəyə:
- İraq,
- BƏƏ,
- Somali torpaqları kimi qeyd edilən bölgələrdəki obyektlərin də daxil olduğu vurğulanıb.
“Mossad” və xüsusi təyinatlılar
Hesabatda qeyd olunub ki, Azərbaycandakı qrupun tərkibində:
- İsrail xüsusi əməliyyat qüvvələri,
- döyüş-xilasetmə bölmələri,
- “Mossad” əməkdaşları yer alıb.
Məlumata görə, bu obyektlər əvvəlcə fövqəladə xilasetmə məqsədləri üçün nəzərdə tutulsa da, sonradan hərbi və kəşfiyyat bazalarına çevrilib.
Azərbaycan məlumatları təkzib etdi
Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsi isə CNN-ə açıqlamasında bu məlumatları təkzib edib.
Rəsmi Bakı bildirib ki, Azərbaycan ərazisinin üçüncü ölkələrə qarşı əməliyyatlar üçün istifadəsinə icazə verilmir.
Gizli əməliyyatlar barədə detalllar
CNN hesabatında İsrailin müharibədən həftələr əvvəl İran-Azərbaycan sərhədi yaxınlığında gizli fəaliyyətlər həyata keçirdiyi də qeyd olunub.
Məlumata görə, həmin əməliyyatlar çərçivəsində:
- dinləmə qurğuları,
- kəşfiyyat avadanlıqları yerləşdirilib,
- İranın hərbi obyektləri izlənilib.
Hesabatda həmçinin Azərbaycanın ərazisindən həyata keçirildiyi bildirilən əməliyyatlardan birinin İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat rəhbərlərindən Rahman Müqəddəmi hədəf aldığı qeyd olunub.
İraq və BƏƏ ilə bağlı məlumatlar
CNN İsrailin müharibə dövründə İraqda da iki gizli obyekt saxladığını yazıb.
Bundan başqa, İsrailin BƏƏ-də “Dəmir Günbəz” hava müdafiə sistemi yerləşdirdiyi və burada əlavə müdafiə qüvvələrinin fəaliyyət göstərdiyi də bildirilib.
