İran Hörmüz Boğazına Tam Nəzarət Etdiyini Açıqladı

2 Dəq Oxuma Müddəti

İran: 28 gəmi bizim icazəmizlə keçib

İran dövlət televiziyası İnqilab Keşikçiləri Donanmasının ictimaiyyətlə əlaqələr bölməsinə istinadən bildirib ki, son 24 saat ərzində Hörmüz boğazından 28 gəmi keçid edib.

Məlumata görə, həmin gəmilər arasında neft tankerləri, konteyner daşıyan yük gəmiləri və müxtəlif ticarət gəmiləri olub.

İran tərəfi qeyd edib ki, bütün keçidlər İnqilab Keşikçiləri Donanmasının koordinasiyası və rəsmi icazəsi əsasında həyata keçirilib.

Tehran ABŞ-ni ittiham etdi

İnqilab Keşikçiləri bəyan edib ki, Fars körfəzi region ölkələrinə məxsus su hövzəsidir və bölgədə sabitliyi pozan əsas faktor ABŞ ordusunun fəaliyyəti hesab olunur.

Açıqlamada vurğulanıb ki, İran Hörmüz boğazının idarə edilməsini “qətiyyət və ağıllı strategiya” ilə davam etdirəcək.

“Dünya İranın nəzarətini qəbul edib”

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzai də məsələ ilə bağlı diqqətçəkən açıqlama verib.

O bildirib ki, artıq dünya İranın Hörmüz boğazı üzərində idarəçilik rolunu qəbul edib və müxtəlif ölkələr öz gəmilərinin keçidi üçün Tehranla koordinasiya aparır.

Rzai sosial şəbəkədə paylaşım edərək qeyd edib ki, bəzi dövlətlər təhlükəsiz keçid üçün İran tərəfinə ödəniş etməyə də razı olur.

Trampa sərt mesaj

İranlı rəsmi ABŞ prezidenti Donald Trampı da hədəf alıb. O bildirib ki, Vaşinqton müəyyən aralıqlarla bölgəyə hərbi qüvvə göndərərək boğazı açmağa çalışır, lakin uğursuzluqla geri çəkilir.

Rzai ABŞ maliyyə naziri Skott Bessenti də tənqid edərək bildirib ki, Vaşinqton “təhdid və səs-küylə” deyil, İranın bölgədəki gücünü qəbul etməklə hərəkət etməlidir.

İran: Addımlarımız beynəlxalq hüquqa uyğundur

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani isə Hörmüz boğazında görülən tədbirlərin beynəlxalq hüquqa uyğun olduğunu açıqlayıb.

Onun sözlərinə görə, İranın tətbiq etdiyi nəzarət tədbirləri ölkənin təhlükəsizlik maraqları və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir.

Hörmüz boğazında gərginlik davam edir

İran ABŞ və sionist rejimin ölkəyə qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra Hörmüz boğazında nəzarəti gücləndirib.

Tehran xüsusilə ABŞ-nin İran limanları və sahillərinə qarşı tətbiq etdiyi dəniz blokadasına cavab olaraq bəzi ölkələrin gəmilərinə məhdudiyyətlər tətbiq edir.

İran tərəfi bildirib ki, digər ölkələrin ticarət gəmiləri təhlükəsiz keçid üçün əvvəlcədən İran qurumları ilə razılaşma əldə etməli və müvafiq icazələr almalıdır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş