İşğalçı İsrail Ordusu Lübnanda Tarixi Qalaya Bayraq Sancdı

3 Dəq Oxuma Müddəti

İşğalçı İsrail ordusu Şakif qalasını nəzarətə götürdü

Sionist rejim ordusu Livanın cənubunda yerləşən və strateji əhəmiyyətə malik Şakif qalasını ələ keçirib. Qalanın zirvəsində qondarma İsrail bayrağının qaldırıldığı görüntülər səhər saatlarında yayılıb.

Məlumata görə, əməliyyat Litani çayının şimalında yerləşən Nabatiyyə bölgəsi yaxınlığında həyata keçirilib. Hadisə son 25 ildən artıq müddətdə sionist rejim ordusunun Livan ərazisinə ən dərin quru müdaxilələrindən biri kimi qiymətləndirilir.

Yayılan kadrlarda qala ətrafında tüstünün yüksəldiyi və artilleriya səslərinin eşidildiyi görünür.

Tarixi qala yenidən müharibə meydanına çevrildi

Şakif qalası orta əsrlərə aid mühüm tarixi tikili hesab olunur. Xaç yürüşləri dövründə inşa edilən qala XII əsrə gedib çıxır.

Tarix boyu qala xaçlılarla müsəlman orduları arasında dəfələrlə əl dəyişib. 1268-ci ildə isə Sultan Baybars tərəfindən ələ keçirilib.

Qala müasir dövrdə də Sionist rejim-Livan qarşıdurmalarında strateji mövqeyini qoruyub saxlayıb. Sionist rejim ordusu buranı ilk dəfə 1982-ci ildə işğal etmiş və 2000-ci ilə qədər Cənubi Livandakı hərbi bazalarından biri kimi istifadə etmişdi.

Sionist rejimin müdafiə naziri açıqlama verdi

Sionist rejimin müdafiə naziri İsrael Kats sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, “44 ildən sonra əsgərlərimiz yenidən qalanın zirvəsinə qayıdaraq qondarma İsrail bayrağını sancdı”.

Sionist rejim ordusunun ərəb dilli sözçüsü Avihay Adrai də qala qarşısında dayanan sionist rejim hərbçilərinin fotosunu yayıb.

Livanda toqquşmalar genişlənir

Şakif qalasının yerləşdiyi Nabatiyyə bölgəsində əməliyyatın günlərlə davam edən hava hücumları və şiddətli döyüşlərdən sonra həyata keçirildiyi bildirilir.

Rejim ordusu apreldən qüvvədə olan formal atəşkəsə baxmayaraq Litani çayını keçərək əməliyyat zonasını genişləndirib. Litani və Zəhrani çayları arasındakı ərazi “hərbi əməliyyat bölgəsi” elan olunub.

Hizbullah isə son 24 saat ərzində Bayada və Nabatiyyə yaxınlığında sionist rejim qüvvələrinə qarşı iki hücum həyata keçirdiyini açıqlayıb.

Ölənlərin sayı artır

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, mart ayından bəri ölkədə həlak olanların sayı 3371 nəfərə çatıb.

İşğalçı rejim ordusu isə bir neçə gün əvvəl Hizbullahın partlayıcı pilotsuz aparat hücumu nəticəsində bir hərbçisinin öldüyünü açıqlayıb. Bununla da mart ayından bəri ölən sionist rejim əsgərlərinin sayı 25-ə yüksəlib.

Livanın baş naziri Nəvvaf Salam sionist rejimi “dağıdıcı siyasət” yürütməkdə ittiham edib və mülki əhaliyə qarşı hücumları pisləyib.

ABŞ-də yeni danışıqlar gözlənilir

Bütün bu hadisələr ABŞ Dövlət Departamentində sionist rejim və Livan nümayəndələri arasında keçirilməsi planlaşdırılan yeni görüşlər ərəfəsində baş verir.

Məlumata görə, tərəflər arasında növbəti danışıqların 2-3 iyun tarixlərində Vaşinqtonda keçirilməsi nəzərdə tutulur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş