İrana qarşı hərbi ssenarinin qaçılmaz olduğunu bildirən İzədi, ABŞ və İsrailin İranda Liviya ssenarisini təkrarlamaq istədiyini deyib.
Tehran Universitetinin siyasi elmlər üzrə mütəxəssisi Fuad İzədi Sputnik-ə verdiyi açıqlamada ABŞ-ın İrana hərbi müdaxilə ehtimalını dəyərləndirib.
Hərbi toqquşmanın qaçılmaz olduğunu qeyd edən ekspert, ABŞ-ın ötən ilin iyun ayında İrana təşkil etdiyi hücumda 1200-dən çox hərbçinin həlak olduğunu xatırladaraq bu mövzuda belə danışıb:
“ABŞ və sionist rejim hələ də aqressiv ruh halındadır. Onlar İrana bir dəfə hücum etdilər, lakin məqsədlərinə — mövcud İran hökumətini devirməyə — nail ola bilmədilər. Halbuki daha üç il prezidentlik edəcək Trampın hədəflərinə çatmaq üçün başqa planları və ssenariləri var. Bunlardan bəziləri son iki həftə ərzində İranda xaos və narahatlıq yaradılmaqla həyata keçirilib. Onlar (ABŞ və İsrail) Liviya təcrübəsini İranda təkrarlamaq və insan haqlarını qoruma bəhanəsi ilə Liviyadakı kimi İrana hücum etmək istəyirlər.
Lakin İranla (Müəmmər Qəddafinin rəhbərlik etdiyi) Liviya arasında iki böyük fərq var. Birincisi, (Qəddafi dövründəki) Liviya hökuməti hərbi çevriliş nəticəsində formalaşmışdı, İran hökumətinin formalaşması isə İslam İnqilabına, yəni İran xalqının iradəsinin dinc şəkildə ifadəsinə əsaslanır.
İkincisi isə İran xalqı Liviya təcrübəsini gördü və amerikalıların insan haqlarına qətiyyən hörmət etmədiyini, onların müttəfiqi İsrailin Qəzzada yetmiş mindən çox insanı öldürərək soyqırım törətməsinə icazə verdiklərini anladı. Buna görə də, iranlıların Liviya təcrübəsini nəzərə alaraq sahib olduqları siyasi şüur, vaxtilə Liviyada mövcud olan bilik səviyyəsindən qat-qat üstündür.”
Ekspert Qərb mediasında yayılan xəbərlərə də diqqət çəkərək, ABŞ-ın İrana qonşu bəzi ölkələrdəki bazalarından hərbi birliklərini geri çəkdikdən sonra sualtı qayıqlardan istifadə edərək raket və hava zərbələri endirə biləcəyinin ehtimal edildiyini deyib və əlavə edib:
“Bəli, ABŞ-ın belə bir imkanı var. Ancaq İrana yenidən hücum etmək böyük səhv olar. İran rəsmiləri bu dəfə [istənilən təcavüz aktına qarşı] daha ciddi cavab vermək qərarına gəliblər. Buna görə də ABŞ-ın İrana qarşı hər hansı hücumu bölgədə böyük, tammiqyaslı müharibəyə səbəb olacaq. Əgər amerikalılar 2025-ci ilin iyun səhvini təkrarlamağa qərar versələr, bu dəfə çox ağır bədəl ödəməli olacaqlar.”
