ABŞ-da Universitet Kampusunda Silahlı Hücum: 2 Nəfər Öldü

2 Dəq Oxuma Müddəti

Braun Universitetində silahlı hücum

Amerika Birləşmiş Ştatlarının Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetində yerli vaxtla axşam saatlarında silahlı hücum baş verib. Hadisə universitet kampusunda, tələbələrin son imtahanlarına hazırlaşdığı və imtahanların keçirildiyi bir vaxtda qeydə alınıb. Yerli polis ilkin açıqlamasında bir neçə nəfərin odlu silahla vurulduğunu bildirib.

Providens şəhərinin meri Brett Smayli keçirdiyi mətbuat konfransında hücum nəticəsində azı 2 nəfərin həyatını itirdiyini, 8 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığını açıqlayıb. Mer qeyd edib ki, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb və bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Smaylinin sözlərinə görə, silahlı hücumun baş verdiyi anlarda kampusda sıxlıq olub və bu da panikaya səbəb yaradıb. Hadisə ilə bağlı genişmiqyaslı istintaq aparılır. Mer əlavə edib ki, araşdırmanın gedişi və yeni faktlar ortaya çıxdıqca ictimaiyyət operativ şəkildə məlumatlandırılacaq.

Kampusda “aktiv silahlı hücumçu” həyəcanı

Hadisədən dərhal sonra Braun Universiteti kampusunda “aktiv silahlı hücumçu” ilə bağlı fövqəladə xəbərdarlıq elan edilib. Universitet rəhbərliyi tələbə və əməkdaşlara müraciət edərək, təhlükəsizlik təmin edilənədək binalarda gizlənməyi, qapıları kilidləməyi və mobil telefonları səssiz rejimə keçirməyi tövsiyə edib.

Rəsmi açıqlamada bildirilib ki, silahlı hücum əsasən fizika və mühəndislik fakültələrinin yerləşdiyi binaların yaxınlığında baş verib. Polis ərazini mühasirəyə alaraq təhlükəsizlik tədbirlərini gücləndirib və kampusa giriş-çıxış müvəqqəti olaraq məhdudlaşdırılıb.

Şübhəli ilə bağlı ziddiyyətli məlumatlar

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında hücum nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verərək, hadisə yerində Federal Təhqiqat Bürosunun (FBI) çalışdığını və şübhəlinin saxlanıldığını bildirib. Lakin bu açıqlamadan qısa müddət sonra Braun Universiteti yeni məlumat yayaraq, hazırda heç bir şübhəlinin nəzarətə alınmadığını və hücumçunun hələ də axtarışda olduğunu açıqlayıb.

ABŞ mediasına danışan yerli hüquq-mühafizə orqanlarının nümayəndələri ölən və yaralananların sayı ilə bağlı dəqiq rəqəmlərin hələ təsdiqlənmədiyini, istintaqın davam etdiyini vurğulayıblar. Hadisə ölkədə universitet və ictimai məkanlarda təhlükəsizlik məsələlərini bir daha gündəmə gətirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş