BMT Humanitar Məsələlərin Koordinasiyası İdarəsi bildirib
Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, Yəməndə 13,5 milyon insan aclığın səbəb olduğu ölüm təhlükəsi ilə üz-üzədir.
Bu barədə BMT Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (HMKİ) rəsmisi Vanessa Yugenen məlumat verib.
Onun sözlərinə görə, Yəməndəki humanitar böhran dünyanın ən ağırı olaraq qalmağa davam edir.
“Yəmənlilər aclıq çəkmir, aclıqdan ölürlər”, – deyə Yugenen qeyd edib.
O bildirib ki, 30 milyon ölkə sakininin 80%-nin humanitar yardım və müdafiəyə ehtiyacı var.
2020-ci il 1 dekabrda BMT HMKİ-dən bildirilmişdi ki, Yəməndə aclıq və vəba kimi xəstəliklərdən 223 min insan həyatını itirib.
Ölkə əhalisinin təxminən 66%-nin içməli su və səhiyyə xidmətlərinə çıxışı yoxdur.
Xatırladaq ki, artıq bir neçə ildir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmən və onun xalqına qarşı təcavüz siyasəti yürüdür. Ölkə hava, quru və sudan blokadada saxlanılır. Koalisiyanın işğalçı əməliyyatları zamanı onminlərlə dinc yəmənli həyatını itirib, yaralanıb. Koalisiya mülki və infrastruktur obyektlərini, o cümlədən də məktəbləri, xəstəxanaları, su və ərzaq anbarlarını, toy və yas mərasimilərini bombardman edir.