Türkiyədə meşə yanğınları davam edir - VİDEO

Türkiyədə meşə yanğınları davam edir - VİDEO

Türkiyənin Antalya, Muğla, Adana vilayətlərində daha güclü olmaqla ölkənin müxtəlif bölgələrində meşə yanğınları davam edir.

Rasthaber Azərbaycan xəbər verir ki,  Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və yerli hakimiyyət orqanları yanğınların qarşısını almaq üçün bütün imkanları səfərbər ediblər. Yanğınların söndürülməsinə təyyarələr, helikopterlər, yanğınsöndürən maşınlar və canlı qüvvələr cəlb edilib.

Antalyanın Manavgat rayonundakı yanğınlarda 3 vətəndaş ölüb, biri ağır olmaqla 138 nəfər yanıq xəsarəti alıb. Adanada 21 fərqli nöqtədə baş verən yanğın 7 vətəndaşın səhhətinə mənfi təsir göstərib. Yanğına yaxın xəstəxana, otel və yaşayış məskənlərindən sakinlər təxliyə olunur.

Minlərlə heyvanın tələf olduğu bildirilir.

Yanğınları söndürmək üçün tanker və yanğınsöndürənlərdən başqa, pilotsuz aparatlardan da istifadə olunur.

Meşələrdə çıxan yanğın bəzi bölgələrdə küləyin təsiri ilə yaşayış yerlərinə keçib. Artıq meşə yanğınları ilə bağlı 5 nəfər şübhəli şəxs saxlanılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan, dövlətin meşə yanğınlarını nəzarət altına almaq və tamamilə söndürmək üçün bütün imkanlarını səfərbər etdiyini bildirib.

Prezident Ərdoğan meşə yanğınının baş verdiyi bölgədə olan kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli, ətraf mühit və şəhərsalma naziri Murat Kurum və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonda davamlı əlaqə saxlayaraq, yanğınlara nəzarət edilməsi ilə əlaqədar işlər və baş verənlər haqqında dərhal məlumat alır.

Yanğınlar zamanı həyatını itirən 4 vətəndaşa Allahdan rəhmət diləyən Ərdoğan yanğından təsirlənən bölgələrdə yaşayan insanlara keçmiş olsun diləklərini çatdırıb.

Dövlətin yanğınlara nəzarət etmək və tamamilə söndürmək üçün bütün imkanları ilə səfərbər olduğunu ifadə edən Ərdoğan fəsadları aradan qaldırmaq üçün vətəndaşların yanında olduqlarını ifadə edib.

Xəbəri paylaş

VİDEOLAR