Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Beyrutun Zahiyə məntəqəsində çıxış edib
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Beyrutun Zahiyə məntəqəsində etdiyi çıxışında bəyan edib ki, 2020-ci il yanvarın 3-ü Sərdar general Qasım Süleymaninin şəhadəti Yaxın Şərq regionunda yeni tarixin başlanğıcı kimi yadda qalacaq.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Seyid Nəsrullah İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın Qüds Briqadasının komandanı Qasım Süleymaninin və İraqdakı Xalq Səfər Qüvvələri Haşdi-Şabinin komandan müavini Əbu-Mehdi Əl-Mühəndisin şəhadətinin anım mərasimində etdiyi çıxışında hər iki komandanın şəhidlik zirvəsinə yüksəlməklə öz arzularına çatdıqlarını bildirib.
Ordu generalı Qasım Süleymani və Əl-Mühəndisin həyatına qarşı sui-qəsdin Trampın göstərişi əsasında yerinə yetirilməsini aşkar cinayət adlandıran Hizbullah lideri "Müqavimətin Suriya, Livan, Fələstin, İraq və Yəməndə qazandığı qələbələr, eləcə də ABŞ-da prezident seçkilərinin yaxınlaşması amerikalıları general Süleymanini terror etməyə həvəsləndirdi.", -deyə bildirib.
Nəsrullah çıxışında bildirib ki, Amerika Birləşmiş Ştatlarının İran qarşısında məğlubiyyəti də Amerikanın terror aktını törətməsinə sürükləyib.
"Trampın məqsədi İran İslam Respublikası dövlətini devirmək, və ya ən azı onu diz çökdürmək və müxtəlif məsələlər barədə onunla razılığa gəlmək idi. Lakin bu məqsədlərin heç birinə nail olmadı", - deyə Hizbullah lideri əlavə edib.
Müqaviməti məhdudlaşdırmaq üçün ABŞ-ın bütün cəhdlərinin fiaskoya uğradığını söyləyən Nəsrullah deyib ki, Tramp İranla müharibənin çox böyük bir avantüra olduğunu anlayır.
Seyid Nəsrullah Şəhid Qasım Süleymaninin terror edilməsinin Müqavimət Cəbhəsinin məsələsi olduğunu qeyd edib.
Nəsrullah sonra deyib: "Bəzən deyilir ki, Müqavimət Şəhid Süleymaninin səviyyəsində olan birisindən qisas alsın. Halbuki bu şəhidlə bərabərlik edən bir şəxs yoxdur. Konkret olaraq Trampın başı Qasım Süleymaninin ayaqqabısı dəyərində belə deyil. Bu səbəbdən ədalətli qisas ABŞ-ın regiondakı pis mövcudluğuna son qoymaqladır."
Hizbullah lideri "Əsgər tabutları yığılmağa başlayanda Tramp, Vaşinqtonun bölgədə məğlub olduğunu anlayacaq. Amerika İŞİD qruplaşmasını İraqda qala bilməsi üçün istiadə etdi. Kamikadzeləri İraqa gətirərək cəmiyyəti içindən dağıtmağa çalışdı. 2 yanvar dönüş nöqtəsidir. Sadəcə İran üçün deyil, bütün bölgə üçün yeni bir dönəm başlayır. Süleymaninin şəhadəti İraqın azadlığına yol açmalıdır.", -deyə sözlərinə əlavə edib.