Tramp Nyu York ştatının baş prokurorunu məhkəməyə verib

Tramp Nyu York ştatının baş prokurorunu məhkəməyə verib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə günü Nyu-York əyalətinin baş prokuroru Letitsia Ceymsi “Trump Organization”da maliyyə fırıldaqları ilə bağlı aparılan təhqiqat zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edərək, onu məhkəməyə verib.

"Mən Nyu York əyalətinin korrupsioner baş prokuroru Letitsia "Pikabu" Ceymsə qarşı Florida Məhkəməsində iddia qaldırdım. Nyu York şəhərini şiddətli cinayətlərdən və cinayətkarlardan qorumaq üçün heç nə etməyən Ceyms, uzun illər ərzində əziyyətlə qurduğum çox uğurlu və vergi gətirən “Trump Organization” kimi heç bir səhv etməmiş layiqli və böyük bizneslərə hücum edir", deyə Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Tramp Florida ştatının Palm Biç şəhərində məhkəməyə müraciət edib. Onun vəkil komandası iddia edir ki, baş prokuror Ceymsin keçmiş prezidentə, ailəsinə və biznes maraqlarına qarşı “təhdid və təqib müharibəsi” başlayıb.  

"Ceyms Nyu-York əyalətinin baş prokuroru vəzifəsindən dəfələrlə sui-istifadə edərək prezident Trampa qarşı amansız və ictimaiyyətə zərər vuran kampaniya aparıb", deyə iddiada deyilir. 

Trampın vəkilləri Ceymsi Nyu York və Florida qanunlarını pozmaqda ittiham edirlər. Ştatın baş prokuroru “Trump Organization”-un əmlakına sahib olan trestdən sənədlər əldə etmək niyyətindədir. Eks-prezidentin sözlərinə görə, onun bunu etmək səlahiyyəti yoxdur, çünki bu məsələlər Nyu-York deyil, Florida qanunları ilə tənzimlənir. 

Nyu York Baş Prokurorluğunun sözçüsü Trampın istintaqa mane olmaq üçün əvvəlki iki cəhdinin rədd edildiyini qeyd edib, açıqlama "Axios" portalı tərəfindən yayımlanıb. 

"Onu dələduzluğa görə təqib etməyimizə heç bir iddia mane olmayacaq", deyə açıqlamada bildirilir. 

Xəbəri paylaş

VİDEOLAR