“Taliban” vədlərini yerinə yetirməsə və zülmə əl atarsa, Əfqanıstannın həzəra xalqının nümayəndələri “taliblərə” qarşı silahlı mübarizəyə geri dönəcəklər.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Əfqanıstanın keçmiş vitse-prezidenti və həzəraların lideri Məhəmməd Kərim Xəlili bildirib.
“Hazırda biz onların (“taliblərin”) müvəqqəti nazirlər kabinetini gördük. Bu kabinet heç cür inklüziv deyil. Bu prosesin davamı digər (siyasi) qüvvələr və etnik qruplar üçün məqbul deyil”, – deyə Xəlili qeyd edib.
“Şübhə yoxdur ki, işlərin bu cür vəziyyəti taciklər və özbəklər üçün də dözülməz olacaq və onlar həzəralarla birlikdə döyüş meydanına geri dönəcəklər”, – deyə Xəlili həzaraların “Taliban”-a qarşı silahlı mübarizəyə qoşulmağa hazır olub-olmamasına dair sualı cavablandırarkən bəyan edib.
Üstəlik o, hakimiyyətə gəlmiş “Taliban”-ın beynəlxalq ictimaiyyətin təzyiqi altında Əfqanıstan xalqına öz iradəsini zorla qəbul etdirməyəcəyinə və ölkənin vətəndaş müharibəsindən yaxa qurtara biləcəyinə ümidini ifadə edib.
“Biz əvvəlkitək səy göstərir və ümid edirik ki, “taliblər” 90-cı illərdən nəticə çıxaracaqlar və beynəlxalq təzyiqin altında zülmdən çəkinəcəklər və öz iradələrini bütün Əfqanıstan əhalisinə zorla qəbul etdirməyəcəklər və ölkə 90-cı illərdəki kimi vətəndaş müharibəsi burulğanına baş vurmayacaq”, – deyə o əlavə edib.
“Xalqımızın həyatını və təməl hüquqlarını müdafiə etmək üçün bizi silahlı mübarizə yoluna qədəm qoymağa məcbur etmək lazım deyil”, – deyə həzəraların lideri xəbərdarlıq edib.
Onun sözlərinə görə, Əfqanıstandakı vəziyyət təkcə daxili problem deyil, həm də qlobal təhlükəsizlik üçün təhdiddir.
“Ümid edirəm ki, yoxsulluq, müharibə və narkotiklər bir tərəfdən və digər tərəfdən də xalq və beynəxalq ictimaiyyət tərəfindən dəstəklənən legitim idarəetmə sisteminin yoxluğu Əfqanıstanın yenidən terror qruplarının ocağına çevrilmək səbəbi olmayacaq. Həmin terror qruplaşmaları təkcə Əfqanıstanı dağıtmır, həm də beynəxalq təhlükəsizlik üçün təhdiddir”, – deyə o qeyd edib.