O ABŞ-ın 29 avqustda Kabilə endirdiyi hava zərbəsini şərh edib
Rasthaber Azərbaycan xəbər verir ki, “Taliban”-ın mətbuat katibi Zəbihulla Mücahid ötən illərdəki hadisələrə görə ABŞ-ı məsuliyyətə cəlb etməyə səsləyib.
O, bu barədə ABŞ-ın 29 avqustda Kabilə endirdiyi hava zərbəsini şərh edərkən Çin KİV-lərinə bildirib.
Onun sözlərinə görə, bu, dinc insanların ABŞ-ın hərəkətlərinin qurbanlarına çevrildiyi yeganə bu cür hal deyil.
“ABŞ artıq 20 ildir Əfqanıstanda dinc vətəndaşları qətlə yetirir”, – deyə Zəbihulla Mücahid qeyd edib və Vaşinqtonun hərəkətlərini insan hüquqlarının pozuntusu adlandırıb.
O deyib ki, bu cür hərəkətlər humanitar faciəyə səbəb olur.
“ABŞ ötən illərin hadisələrinə görə məsuliyyətə cəlb edilməlidir. Qətllər və təzyiqlərin əvəzini ödəmək üçün. Onlar Əfqanıstan xalqı ilə əməkdaşlığa başlamalıdırlar”, – deyə o əlavə edib.
Xatırladaq ki, ABŞ-ın 29 avqustda Kabilə endirdiyi hava zərbəsi nəticəsində 7-si uşaq olmaqla, 10 dinc sakin həyatını itirib.