Taliban hökuməti ibtidai siniflərdə oxuyanlar istisna olmaqla qız və qadınların təlim-təhsil kurslarına qatılmasını qadağan edib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Taliban hökumətinin “Maarif işləri naziri” Mövləvi Həbibulla bu barədə aidiyyatı qurumlara məktub ünvanlayıb.
Məktubda deyilir ki, “Əfqanıstan İslam Əmirliyinin Nazirlər kabinetinin qərarına əsasən altıncı sinifdən yuxarıda oxuyan qızların, habelə qadınların təlim-təhsil kurslarına qatılması növbəti elana qədər qadağan edilir.”
Bundan öncə Taliban hökumətinin Ali təhsil naziri Məhəmməd Nədim ölkədə qızlar və qadınların universitetlərə buraxılmaması ilə bağlı qərara münasibət bildirib.
O bildirib ki, dörd səbəbə görə belə bir qadağanın göstərişi verilib.
Taliban nazirinin sözlərinə görə, "qadınlar üçün yataxana məsələsinin problemləri, məhrəm şəxs olmadan qadınların bir əyalətdən digərinə getməsi, oğlan və qız tələbələrinin hələ də bir yerdə dərs oxuması və hicaba riayət etməmələri qadağanın səbəbidir."
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, İran, Türkiyə, Pakistan və sair müsəlman dövlətlər Taliban hökumətinin qərarını tənqid edərək, onun ləğvini istəyiblər.