Stoltenberq: Avropa Ukraynaya dəstəyin bədəlini ödəyəcək

Stoltenberq: Avropa Ukraynaya dəstəyin bədəlini ödəyəcək

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya davamlı dəstəyin vacibliyini vurğulayıb, lakin etiraf edib ki, bu, asan məsələ deyil və Avropa Kiyevə yardımın bədəlini ödəyəcək.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Stoltenberq bunu çərşənbə axşamı Almaniyanın "ZDF" telekanalına müsahibəsində bildirib.

"Biz Avropanın NATO müttəfiqlərindən, Almaniyadan, Kanadadan, ABŞ-dan və dünyanın bir çox başqa ölkələrindən misli görünməmiş dəstək görürük. Biz Ukrayna ilə həmrəyik və lazım olduğu qədər onu dəstəkləyəcəyik. Mən demirəm ki, asandır, bu, çətin iş tələb edir. Mən davamlı dəstəyimizi təmin etmək üçün Şimali Atlantika Alyansının Avropa və Şimali Amerikadakı digər liderlərlə işləmək niyyətindəyəm," deyə NATO-nun baş katibi qeyd edib. 

Bundan əlavə, Stoltenberq Almaniyanın bu məsələdə verdiyi töhfəni xüsusi vurğulayıb, lakin "Almaniya hökumətinin daha çox iş görəcəyinə" ümid etdiyini bildirib. Bununla yanaşı, Stoltenberq qarşıdan gələn qışın sərt olacağı barədə xəbərdarlıq edib.

"Sanksiyalar və təbii ki, Rusiyanın enerjidən silah kimi istifadə etməsi səbəbindən Ukraynaya verdiyimiz dəstəyin bədəlini ödəyəcəyik. Amma başa düşməliyik ki, alternativ yoxdur. Qərb ölkələri seçilmiş kursu davam etdirməlidir. Bizim edə biləcəyimiz ən yaxşı şey Ukraynaya hərbi, maliyyə, humanitar və iqtisadi dəstək verməkdir" deyə NATO-nun baş katibi əlavə edib. 

Sonda Stoltenberq Ukraynaya dəstəyin illərlə davam edə biləcəyini, lakin “bunun təkcə hərbi sahədə deyil, həm də sənayedə təsirlərinin olacağını” qeyd edib və əlavə edib ki, hasilatı artırmaq lazımdır.

Xəbəri paylaş

VİDEOLAR