"41 gündür aclıq edən siyasi məhbus Saleh Rüstəmovun komaya düşdüyü barədə məlumat doğru deyil"
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Turan Agentliyinə dekabrın 16-da Rüstəmova baş çəkən həkim Adil Qeybulla bildirib.
O, həmçinin Saleh Rüstəmovun aclığı dayandırdığını bildirib.
"Ailə üzvlərinin, yaxınlarının və ictimaiyyətin çoxsaylı müraciətlərini nəzərə alaraq, o, aclığı dayandırıb", deyə Qeybulla qeyd edib.
Penitensiar xidmət də bu haqda açıqlama verib.
"Gədəbəy rayonunun hazırda həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmli aclıq aksiyasını dayandırıb.", - Penitensiar xidmət qeyd edib.
1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı vəzifəsində çalışmış S.Rüstəmli 2018-ci ildə həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü S.Rüstəmli 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
O, bir müddət əvvəl aclıq aksiyasına başlamışdı.