Ötən gün İranın Şiraz şəhərində Şah-Çerağ məqbərəsinə edilən hücumla əlaqəsi olduğu iddia edilən 4 nəfər saxlanılıb.
Az.rasthaber.com xəbər verir ki, “Entekhab” xəbər saytının məlumatına görə, Fars əyalətinin baş prokuroru Kazım Musəvi saxlanılanlarla bağlı məlumat verib.
Musəvi "Dünən gecə baş verən hücumla bağlı 4 şübhəli saxlanılıb. Hücumu həyata keçirən terrorçunun dindirilməsi davam edir" deyib.
İran dövlət televiziyası hücuma görə məsuliyyəti İŞİD terror təşkilatının üzərinə götürdüyünü bildirib.
Fars valiliyi Şiraz şəhərində baş verən hücumda 4 nəfərin öldüyünü açıqlayıb.
İranın rəsmi xəbər agentliyi İRNA isə bu gün verdiyi xəbərdə ölənlərin sayını 1 nəfər olaraq dəqiqləşdirərkən, 8 nəfərin yaralandığını bildirib.
Xatırladaq ki, 26 oktyabr 2022-ci ildə 3 terrorçunun Şah-Çerağ məqbərəsinə təşkil etdiyi silahlı hücumda 13 nəfər həyatını itirdi.
Terror təşkilatı İŞİD sosial mediada yayımladığı yazılı açıqlamada hücumun məsuliyyətini üzərinə götürdüyünü açıqlayıb.
Hücumun səbəbkarlarından ikisi iyulun 8-də edam edilib.