Rusiya Aerokosmik Qüvvələrinin döyüş təyyarələri oktyabrın ilk həftəsində Suriyanın mərkəzi bölgəsində İŞİD terrorçularına 200-dən çox hava zərbəsi endirib.
Rasthaber Azərbaycan İRİB-ə istinadən xəbərinə görə, SouthFront xəbər verir ki, Londonda yerləşən Suriya İnsan Haqları Monitorinq mərkəzinin məlumatına görə, Rusiya hava zərbələri İthriyah, Rəsafa və Hama-Hələb-Raqqa üçbucağının digər hissələrində, Homsun şərqindəki Əl-Suxnah və Palmiranın kənarındakı terror qruplaşmasının sığınacaqlarını və Deyr Əz-Zorun qərb ətrafındakı bir neçə bölgəni hədəfə alıb.
“Bir həftə ərzində bu hava hücumları İŞİD qruplaşmasının 17 döyüşçüsünün həyatına son qoydu və ən az 27 nəfəri yaraladı”, - deyə bəyanatda bildirilib.
Suriyanın mərkəzindəki İŞİD dəstələri son vaxtlarda hücumlarını gücləndirib. Terrorçular son bir həftə ərzində Suriya ordusunun 1 zabitini və bir neçə hökumət tərəfdarını öldürüblər.
Rusiyanın döyüş təyyarələri hökumət qüvvələrinin bölgədə davam etdirdiyi əməliyyatlara dəstək olmaq üçün Suriyanın mərkəzində gecə-gündüz fəaliyyət göstərir.
Hava zərbələri və quru əməliyyatları nəticəsində son bir ildə böyük itkilər verməsinə baxmayaraq, İŞİD dəstələri mərkəzi bölgədə fəaliyyətini davam etdirir. Məlumata görə, terrorçular silah-sursat da daxil olmaqla hər cür təchizatı ABŞ-ın dəstəklədiyi Əl-Tanf bölgəsində yerləşən döyüşçülərdən alırlar.