Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin müstəqilliyinə və millətin həssaslığına hörmət etməyən hər kəsin titulundan asılı olmayaraq bu ölkədə yaşaya bilməyəcəyini bildirib.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan paytaxt Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada Amerika Birləşmiş Ştatları (ABŞ) daxil olmaqla bəzi ölkələrin Ankara səfirliklərinin iş adamı Osman Kavalanın azadlığa buraxılması tələbilə birgə bəyanatla çıxış etmələrindən sonra Vyana Konvensiyasının 41-ci maddəsinə əməl edəcəklərini açıqlamalarına münasibət bildirib.
“Səfirlərin verdiyi həddsiz bəyanatlar hər hansı bir şəxsi deyil, birbaşa ölkəmizin məhkəmə sistemini hədəfə alıb” deyən prezident Türkiyənin nəzakətini zəiflik kimi görüb köhnə vərdişlərinə üz tutanların səhvlərini qəbul etmədikləri müddətcə cavablarını alacaqlarını söyləyib.
Son vaxtlarda bəzi ölkələrin səfirliklərinin verdiyi açıqlamanı eyni şəkildə qəbul etdiklərini bildirən Ərdoğan deyib:
"Bu münasibət ölkəmizdəki məhkəmə sisteminə, prokurorlarımıza, vəkillərimizə, bütün ədliyyə işçilərinə təhqirdir. Türkiyə məhkəmə sistemi heç kimdən göstəriş almır, heç kimə tabe deyil. Dövlət başçısı olaraq müstəqil və qərəzsiz məhkəmə sistemimizlə lazımi cavabı vermək ilk növbədə bizim borcumuzdur. Məqsədimiz böhrana səbəb olmaq deyil, Türkiyənin şərəfini, qürurunu və ləyaqətini qorumaqdır. Bu gün səfirliklərin verdiyi açıqlama ilə səhvdən geri addım atılmışdır.
Qeyd edək ki, ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Türkiyədəki səfirlikləri Vyana razılaşmasının 41-ci maddəsinə əməl edəcəklərini bildirərək geri addım atmışdı.