Ərdoğan Makronu Azərbaycanla bağlı mövqeyinə görə tənqid etdi

Ərdoğan Makronu Azərbaycanla bağlı mövqeyinə görə tənqid etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofya məscidindəki cümə namazı çıxışında jurnalistlərin suallarına cavab verib.

 Ərdoğan çıxış zamanı Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu, koronavirus peyvəndi və Fransa Prezidenti Emmanuel Makronla bağlı fikirlər səsləndirib.

Rasthaber Azərbaycan Voa-ya istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronu və Fransanın Azərbaycana münasibətini tənqid edən Ərdoğan Makronu “Fransanın başına bəla” adlandırıb. Ərdoğan Dağlıq Qarabağ mövzusunda Azərbaycanın öz işini özünün həll etdiyini bildirib və keçiriləcək zəfər tədbirlərində iştirak edəcəyini söyləyib.

“[ATƏT] Minsk qrupu vasitəçi bir qrupdur. Vasitəçi qrupun bu vəziyyəti qəbul etməsi vacibdir. Fransa "vasitəçi rolunu" onsuz da itirib. Sən vasitəçisən və vasitəçisi olduğun münaqişə ilə bağlı məclisində qərar alırsan. Bu, eyni zamanda məcslisin dövlətə tövsiyə qərarıdır. Amma Makron təbii ki, Fransanın başına bəladır. Fransa Makronla əslində çox təhlükəli bir dönəm yaşayır. Arzu edirəm ki, Fransa tezliklə Makron bəlasından qurtulsun. Əks halda “sarı jiletlilərdən” qurtula bilməyəcəklər. “Sarı jiletlilər” daha sonra “qırmızı jiletlilərə” də çevrilə bilər. Bilirik ki, bəzi nazirlər arasında da mənfi qərarlar alanlar oldu. Dəyərli qardaşım İlham Əliyevin franzıslara bir məsləhəti oldu. Mən də onlara eyni məsləhəti görürəm. Fransa çox sevirsə, Marseli ermənilərə versin. Bu torpaqlar - Qarabağ azərbaycanlı qardaşlarımızın torpaqlarıdır. 28 ildir ki, işğal altında idi. İşğal altında olduğunu ABŞ da qəbul edir, Rusiya da. Fransa da qəbul edirdi, indi isə fərqli davranmağa başladı. Azərbaycanlı qardaşlarımız öz işlərini özləri həll etdi. Çərşənbə axşamı mən də yoldaşımla birlikdə orda keçirilən tədbirlərdə iştirak edəcəyəm."

Ərdoğanın Fransa lideri ilə bağlı dedikləri Makronun Dağlıq Qarabağ və onun ətrafında aktiv döyüşlər gedən zaman Azərbaycanın Dağlıq Qarabağı hərbi baxımdan tutmasına imkan verilməyəcəyini deməsindən sonraya təsadüf edir. Fransa Senatı bu yaxınlarda özünü ‘‘Dağlıq Qarabağ Respublikası’’ adlandıran qurumu tanıyan qәtnamә qәbul edib, lakin Fransa hökuməti qərara uyğun addım atmayacağını bəyan edib. Dekabrın 3-də Fransanın Xarici İşlər Naziri Jan-İv Le Drian Fransa Milli Assambleyasının Dağlıq Qarabağın müstəqilliyini tanımaq çağırışını rədd edib.

Ərdoğan öz cavablarında habelə CHP partiyasının rəhbəri Kamal Kılıçdaroğlunun bu yaxınlarda işlətdiyi sözlərlə onu təhqir etdiyini bildirib. O, faktla bağlı cinayət işinin açıldığını vurğulayıb. "Bu insan prezidentə və prezidentliyə necə xitab edəcəyini bilmir," Ərdoğan deyib.

Bundan öncə ana müxalifət lideri Kiliçdaroğlu Türkyə ilə Avropa İttifaqı arasındakı ixtilafa və ölkə daxilindəki problemlərə görə Ərdoğanı sərt tənqid etmişdi.

"Onun nəzərində, dükan sahiblərinin problemi yoxdur. Fermerlərin, sənaye sahiblərinin, küçələrdəki adamların qətiyyən problemləri yoxdur. Onun öz prezident sarayında problem olmadığına görə o fikirləşir ki, ölkədə də problem yoxdur," Kılıçdaroğlu demişdi.

Jurnalistlərin koronavirus haqda suallarına cavab verərkən Ərdoğan qeyd edib ki, Türkiyədə Çin peyvəndindən başqa peyvəndlər də olacaq. O, bildirib ki, Almaniya və Rusiyadan da peyvənd təmin ediləcək.

Ərdoğan “Siz peyvənd olunacaqsınızmı?” sualına “Bu məsələ ilə əlaqədar olaraq bir problemim yoxdur. Sağlamlığımız təhlükə altındadır. Sağlamlığımızı qorumaq üçün nə lazımdırsa etməliyik. Ölkədəki bütün vətəndaşlarımıza nümunə olmaq üçün bu addımı atmalıyıq.” cavabını verib.

Xəbəri paylaş

VİDEOLAR