HƏMAS-ın nümayəndə heyəti Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi razılaşması üzrə danışıqların bir hissəsi olaraq Misirin paytaxtı Qahirəyə gəlib.
Az.rasthaber.com xəbər verir ki, adı açıqlanmayan HƏMAS rəsmisi Fransa mətbuatına verdiyi açıqlamada, Həmas heyətinin atəşkəslə bağlı Misirdə vasitəçilərlə danışıqlar apardığını bildirərək deyib:
"Birdəfəlik əsir mübadiləsinə və beş illik atəşkəsə hazırıq".
Həmas rəsmisi Mahmud Mərdəvi Qahirədə aparılan danışıqlarla bağlı açıqlamasında deyib:
"Bu dəfə biz müharibənin bitdiyinə dair zəmanət tələb edəcəyik. İşğalçı qismən razılaşdıqdan sonra müharibəyə qayıda bilər, lakin hərtərəfli razılaşma və beynəlxalq zəmanətlə deyil".
Həmas Siyasi Bürosunun üzvü Usamə Həmdan da bu gün səhər saatlarında "Müharibənin hərtərəfli və daimi sonunu ehtiva etməyən hər hansı təklif qəbul edilməyəcək. İşğal davam etdiyi müddətcə müqavimətin silahlarını tərk etməyəcəyik" dedi.