Polşanın Baş naziri Mateuş Moravietsk milyonlarla miqrantın Avropaya axını barədə xəbərdarlıq edib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Polşanın hökumət başçısı bu barədə "Bild"ə müsahibəsində bildirib.
Baş nazirin sözlərinə görə, Belarusla sərhəddə vəziyyət hazırda stabil olsa da, təhdidedicidir.
M. Moravietsk bildirib ki, bu miqrantlar "Almaniyaya, Niderlanda və Fransaya getmək istəyirlər. Biz öz sərhədlərimizdə bütün Avropanı müdafiə edirik".
"Bir şey aydındır: əgər biz minlərlə qanunsuz miqrantı uzaqlaşdıra bilməsək, tezliklə yüz minlərlə, milyonlarla insan Avropaya üz tutacaq. Avropada sərhədlərimizi qətiyyətlə qorumasaq və müdafiə etməsək, Afrikadan və ya Yaxın Şərqdən yüz milyonlarla insan Avropaya, xüsusən də Almaniyaya getməyə çalışacaq. Almaniyada 80 milyondan çox insan yaşayır - daha 50 milyonun gəlməsinə icazə verərdinizmi? Düşünürəm ki, Almaniyada insanlar bundan məmnun olmayacaqlar, çünki onlar öz həyat standartlarını, mədəniyyətlərini saxlamaq istəyirlər", - Moravietsk vurğulayıb.
Baş nazir hazırda Belarusda 20 000 miqrantın olduğunu deyib və o, beynəlxalq təzyiqin işə yarayacağına ümid etdiyini bildirib.
"Əgər miqrant axını dayanarsa, Aİ bu insanların öz ölkələrinə geri dönməsinə də yardım edə bilər", - deyə baş nazir qeyd edib.