Hələ general-mayor Polad Həşimov rəhmətə gedəndə mən özümə söz vermişdim ki, bütün şəhidlərimizin qisasını alacağam.
Trend-in məlumatına görə, bunu II Qarabağ müharibəsinin qazisi Vüsal Şahbazov deyib.
Onun sözlərinə görə, Şuşanın işğaldan azad olunması uğrunda döyüşlərə sevinərək gediblər:
“Komandirim deyəndə ki, Şuşaya döyüşməyə gedirsiz, hamımız sevindik. Gecə dumanda komandirimizlə birlikdə hərəkət etməyə başladıq. Əvvəlcə Şuşanın ətrafındakı kəndləri almağa başladıq. İki kəndi aldıq, gecə 3-cü kəndə daxil olduq. Orada düşmənin dərin bir səngəri var idi. Biz həmin səngəri onlardan səssiz, əlbəyaxa döyüşlə aldıq. Onların orada təminatları yaxşı idi, amma inanmırdılar ki, biz Şuşaya girə bilərik, ona görə də çox rahat idilər. Həmin səngərdə 3 gün qaldıq və orada gecə-gündüz müşahidə aparırdıq. Bu səngərə 3-4 gündən bir silah, ərzaq gətirirdilər. 3 gündən sonra gördük ki, səngərə tərəf maşınlar gəlir. Görəndə ki, onlara yaxınlaşan yoxdur, şübhələndilər. Biz onları mühasirəyə aldıq, atışma başladı".