Pakistan Xarici İşlər Nazirliyi ölkənin hər hansı bir rəsmi nümayəndə heyətinin Təl-Əvivə səfəri ilə bağlı yayılan şayiələri təkzib edib və İslamabadın Fələstin məsələsində qətiyyətli mövqeyini təkrarlayıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, sözügedən səfər Pakistanda qərargahı olmayan xarici QHT tərəfindən təşkil olunub.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Pakistanın Fələstin məsələsində mövqeyi aydın və birmənalıdır.
“Bizim siyasətimizdə və milli konsensusunda heç bir dəyişiklik yoxdur. Pakistan Fələstin xalqının öz müqəddəratını təyin etmək üçün inkaredilməz hüququnu qətiyyətlə dəstəkləyir” - bəyanatda deyilir.
Bəyanatda əlavə edilib: “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnamələrinə uyğun olaraq, 1967-ci ildən əvvəlki sərhədlərə coğrafi baxımdan bağlı olan, paytaxtı Əl-Qüds Əl-Şərif olan müstəqil Fələstin dövlətinin yaradılması beynəlxalq sülh və təhlükəsizliyin davamlılığı üçün zəruridir.”
Əlavə edilib ki, ötən çərşənbə günü Pakistanın bir keçmiş nazirinin də daxil olduğu nümayəndə heyəti işğal olunmuş Qüdsdə İsrailin işğalçı qurumunun xarici işlər üzrə rəsmiləri ilə görüşüb.
Öz növbəsində, Pakistanın xarici işlər naziri Bilaval Buto Zardari dünən ölkəsinin Fələstin məsələsində mövqeyinin “çox aydın olduğunu və dəyişmədiyini” vurğulayaraq, İslamabadın İsraillə münasibətləri normallaşdırmaq niyyətində olduğu barədə xəbərləri rədd edib.
Bu barədə pakistanlı nazir BMT Baş Assambleyasının Nyu-Yorkda Beynəlxalq Təşkilatın daimi qərargahında keçirilən iclasları çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O, bunu şərh edərək deyib: “Burada vurğulayım ki, Fələstin məsələsində bizim mövqeyimiz çox aydındır və Pakistanın xarici siyasəti heç dəyişməyib”.