Böyük Britaniyanın The Guardian nəşrinin yaydığı məlumata görə, 2024-cü ilin aprel ayında İranın İsrailə qarşı raket hücumlarından sonra İsraildə 30-dan çox şəxs İran kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunub.
Az.rasthaber.com xəbər verir ki, məhkəmə sənədlərinə əsasən, həmin şəxslər əsasən maddi təkliflər qarşılığında informasiyalar ötürüb və bəzi hallarda kiçik tapşırıqları yerinə yetiriblər.
İttihamlara görə, əlaqə ilk olaraq anonim mesajlar vasitəsilə qurulub. Bu mesajlarda pul müqabilində məlumat və ya kiçik xidmətlər təklif olunub. Sonrakı mərhələlərdə isə həmin şəxslərə daha təhlükəli əməliyyatlarda iştirak etmələri üçün yüksək məbləğdə vəsait vəd edilib. Qeyd olunur ki, bu cür əlaqələrin bəziləri “Telegram” vasitəsilə davam etdirilib. Mesaj göndərənlərdən biri özünü “informasiyaya ehtiyacı olan agentlik” kimi təqdim edib.
Məhkəmə materiallarına əsasən, ilkin tapşırıqlardan biri – bir şəxsin parka gedərək müəyyən nöqtədə “qara çanta”nın olub-olmadığını yoxlaması olub. Çanta tapılmasa da, o şəxs prosesi videoya çəkərək məlumat göndərib. Daha sonra həmin şəxsə bəzi yerlərdə afişa yapışdırmaq, qrafitilər çəkmək və müxtəlif şüarlar paylaşmaq tapşırılıb. Bu fəaliyyətlər zamanı siyasi fiqurlar hədəfə alınıb.
The Guardian yazır ki, araşdırmalara əsasən, İsrail vətəndaşı olan və azərbaycanlı mənşəli bir şəxs də bu fəaliyyətlərdə iştirak edib. O, bəzi strateji əhəmiyyətli obyektləri – o cümlədən Hayfa limanı, Nevatim Hərbi Hava Bazasını, Mossad qərargahını və “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin yerləşdiyi məntəqələri foto və video ilə sənədləşdirib. Daha sonra o, bu fəaliyyətə qohumlarını da cəlb edib.
İddialara görə, bu şəxslərdən biri Rehovot şəhərindəki Weizmann İnstitutunun əməkdaşının yaşadığı evin fotoşəklini çəkib. Bu obyekt daha sonra raket hücumunun hədəfinə çevrilib. The Guardian qeyd edir ki, həmin görüntülər İranın hədəf seçimində rol oynamış ola bilər.
İstintaq sənədlərində o da bildirilir ki, müəyyən şəxslərə daha sonra çox ciddi tapşırıqlar – konkret şəxslərə qarşı sui-qəsd planları və obyektlərin yandırılması kimi əməliyyatlar da təklif olunub. Belə planlardan biri iflasa uğrayıb – planlaşdırılmış sui-qəsd təhlükəsizlik tədbirləri səbəbilə həyata keçirilə bilməyib.
Məlumatda o da qeyd olunur ki, İran kəşfiyyatı bu kimi hallarda təcrübəsiz şəxslərlə işləyərək onların nə qədər irəli gedə biləcəyini yoxlayır. Lakin ümumilikdə bu fəaliyyətlərin nəticələrinin məhdud olduğu vurğulanır – çünki uzunmüddətli və strateji əməkdaşlıq qurmaq nadir hallarda mümkün olub.
The Guardian onu da əlavə edir ki, bəzi hallarda şübhəlilərə fəaliyyətə başlandıqdan bir neçə gün sonra yüksək rütbəli şəxslərə qarşı sui-qəsd tapşırıqları təklif olunub. Belə hallardan birində, şübhəli şəxslərdən biri İsrailin baş naziri Benyamin Netanyahunun avtomobilinə qarşı partlayıcı vasitənin yerləşdirilməsi imkanlarını araşdırmalı imiş, lakin bu tapşırıq icra edilməyib.