Yəmənin Ənsarullah Hərəkatı ABŞ və sionist İsrail ordusunun birgə istifadə etdiyi Nevatim Hava Bazasını ballistik raketlə vurduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, yerli televiziyada danışan Ənsarullah Hərəkatının sözçüsü Yəhya Seri İsraildəki hədəfləri genişləndirməklə hədələyib.
Qəzza zolağına edilən hücumların dayanmadığı təqdirdə İsrailə qarşı hücumları artıracağı ilə təhdid edən Seri, "Fələstinə məxsus 2 səsdən sürətli raketlə Nevatim Hava Bazasını müvəffəqiyyətlə vurduq" dedi.
"Yəmən rəhbərliyi, xalqı və ordusu ilə Qəzzədəki qardaşlarımızın məruz qaldığı qətliamlara səssiz qalmayacaq" deyən Seri, rəhbərlik etdikləri silahlı qüvvələrin Fələstində məzlumların qələbəsi və müdafiəsi üçün əllərindən gələni edəcəklərini bildirib.
Seri, Ənsarullah qüvvələrinin düşmənləri ABŞ-a qarşı durmağa davam edəcəklərini, Qəzzaya hücumlar dayandırılana, yardım göndərilənə və blokada qaldırılana qədər İsrailin dəniz naviqasiyasına mane olmağa davam edəcəklərini bildirib.
Digər tərəfdən, sionist İsrail ordusundan verilən açıqlamada Yəməndən İsrail istiqamətində atılan ballistik raket səbəbilə xəbərdarlıq sirenlərinin çalındığı açıqlanıb.