Benyamin Netanyahu İsrailin baş naziri olacağı təqdirdə işğal altında olan İordan çayının qərb sahilində yeni yəhudi yaşayış massivləri salacağını açıqlayıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrailin müxalifət lideri Benyamin Netanyahu noyabrda İsraildə keçiriləcək seçkilərdən sonra baş nazir vəzifəsini bərpa edəcəyi təqdirdə İordan çayının qərb sahilində yaşayış məntəqələrində kütləvi yaşayış binalarının tikintisini dəstəkləyəcəyini vəd edib.
Netanyahu, Likud partiyasının 30 üzvü və digər sağçı partiyaların 26 üzvü ilə birgə (işğal edilmiş İordan çayının qərbində) yaşayış məntəqələrinin inkişaf etdirilməsi məqsədi ilə "Suverenlik Hərəkatı" üçün bəyannamə hazırladığını deyib.
“Suverenlik Hərəkatı”nın başçılıq etdiyi "Şərqə doğru hərəkət" kampaniyası tərəfindən verilən açıqlamada, mənzil böhranının ən yaxşı həllinin (işğal edilmiş) İordan çayının qərb sahilində inşaatın artırılması olduğu bildirilib.
“Təl-Əviv-Ariel istiqamətində minlərlə evin tikintisi üçün nəzərdə tutulan torpaqların tədarükünün əhəmiyyətli dərəcədə artmasına və mənzil qiymətlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, İordan çayının qərb sahili 1967-ci ildə İsrail tərəfindən işğal edilib. Dünya ictimaiyyətinin xəbərdarlığına baxmayaraq İsrail bu bölgədə 250-300 massiv salıb.