Myanmada iki etirazçının ölümü etirazları daha da gücləndirdi

Myanmada iki etirazçının ölümü etirazları daha da gücləndirdi

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin mümkün sanksiyaları müzakirə etmək üçün bazar ertəsi günü bir araya gələcəyi gözlənilir.

Myanmada minlərlə etirazçı polis və təhlükəsizlik qüvvələrinin fevralıın 1-də baş vermiş çevrilişə etiraz edən nümayişçilərə atəş açması nəticəsində iki nəfərin ölməsindən bir gün sonra bazar günü yenidən küçələrə çıxıb.

Rasthaber Azərbaycan VOA0ya istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş insan ölümülə nəticələnmiş zorakılığı kəskin şəkildə qınayıb. “Dinc nümayişçilərə qarşı ölümcül güc tətbiq edilməsi, hədə-qorxu gəlmə və təqib qəbuledilməzdir”, Quterreş şənbə günü Twitter sosial şəbəkəsində yazdığı mesajında bildirib.

BMT-nin Myanma üzrə xüsusi məruzəçisi Tom Endrüs isə Twitter səhifəsində “hakim xuntanın Myanmada qəddarlığını artırdığını, Mandalayda bir gənc də daxil olmaqla, daha çox insanın ölməsindən dəhşətə gəldiyini” yazıb. O, hərbi qüvvələrin dinc nümayişçilərə qarşı zorakılıqlarına dərhal son qoyulmasına çağırıb.

Könüllü təcili xidmət qrupunun rəhbərinin sözlərinə görə, şənbə günü baş verən zorakılıqlar zamanı 20 nəfər yaralanıb, Siyasi Məhbuslara Yardım Assosiasiyasının bildirdiyinə əsasən isə hərbi çevrilişlə əlaqədar 569 nəfər nəzarət altına alınıb.

Bazar günü səhər polis Yanqonda etiraz aksiyalarında iştirak edən və ordunun bildirdiyinə görə, təhrik əleyhinə qanunla axtarılan altı məşhur şəxsdən biri olan aktyor Lu Mini həbs edib.

Ordu Lu Mini dövlət məmurlarını etiraz aksiyasına qoşulmağa təşviq etməkdə ittiham edib. Günahkar tanındığı təqdirdə, o, iki il həbs cəzası ilə qarşılaşa bilər.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Birləşmiş Ştatların təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açması, etirazçıları və başqalarını həbs etməyə və təqib etməyə davam etməsi barədə verilən xəbərlərdən “dərin narahatlıq keçirdiyini” bildirib.

ABŞ hakimiyyətdə olan generallara qarşı bəzi sanksiyalar tətbiq edib, bununla yanaşı digər ölkələr də bəzi tədbirləri nəzərdən keçirir.

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin mümkün sanksiyaları müzakirə etmək üçün bazar ertəsi günü bir araya gələcəyi gözlənilir.

Hərbi çevriliş son on ildən bəri ölkədə ən böyük küçə etirazlarına səbəb olub və Qərb ölkələri tərəfindən qınanıb.

Xəbəri paylaş

VİDEOLAR