Myanmada hərbi çevriliş tərəfdarları etirazçılara hücum edib

Myanmada hərbi çevriliş tərəfdarları etirazçılara hücum edib

Myanmadakı siyasi böhranda cümə axşamı yeni bir dönüş nöqtəsi olub.

Rasthaber Azərbaycan VOA-ya istinadən xəbər verir ki, Yanqondakı hərbi rejim tərəfdarları mülki hökumətin devrilməsinə etiraz edən nümayişçilərə hücum edib.

Zorakılıq ordunun yüzlərlə tərəfdarının Yanqon mərkəzindəki nümayişə gəlməsi ilə başlayıb. Associated Press xəbər agentliyinin bildirdiyinə görə, ordu tərəfdarları şəhərin mərkəzindəki dəmir yolu vağzalının yaxınlığında yürüş keçirərkən ətrafdakılar onları lağa qoyub. Hiddətlənən ordu tərəfdarları onları daşa basıb.

Sosial mediada yayımlanan videoda ordu tərəfdarlarının bir neçəsinin ofis binası qarşısında bir adama hücum etdiyini, nümayişçilərdən birinin əlində bıçaq olduğunu görmək olub.

Fevralın 1-də hərbçilərin seçkilərdə saxtakarlıq ittihamı ilə Aunq San Su Çi və mülki hökumət üzvlərini həbs etməsindən sonra Myanma boyu hər gün etirazlar keçirilir. Şənbə günü Mandalayda polisin və təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı canlı və rezin güllələr, gözyaşardıcı qaz və su şırnağından istifadə etməsi nəticəsində ölən iki nəfər də daxil olmaqla, Myanmada etirazlar zamanı üç nəfər həyatını itirib.

Təhlükəsizlik qüvvələrinin bazar ertəsi etirazların ölümlə nəticələnə biləcəyinə dair xəbərdarlıqlarına baxmayaraq, ölkə boyu kütləvi tətillər də olmaqla, nümayişlər davam edib.

Getdikcə güclənən böhran Facebook-u Myanmar ordusunun sosial media platformasından və Instagram-dan istifadəsini qadağan etməyə məcbur edib. "Fevralın 1-dəki çevrilişdən bəri, ölümlə nəticələnən zorakılıqlar da daxil olmaqla, baş verən hadisələrə görə bu qadağaya ehtiyac duyulub" -deyə, sosial media nəhəngi açıqlamasında bildirib.

Facebook ordu ilə bağlı bəzi qurumların platformalarda reklam verməsini də qadağan edib.

Xunta ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib. Çevrilişin lideri, ordu baş generalı Min Aunq Hlainq "həqiqi və intizamlı bir demokratiya" qurulması üçün yeni seçkilərin keçiriləcəyini vəd etsə də, bunun nə zaman baş verəcəyi barədə heç nə deməyib. Amerika Birləşmiş Ştatları və digər Qərb dövlətləri Su Çi və köməkçilərinin azad edilməsini tələb edib və xuntanı mülki hökuməti bərpa etməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR