Müsəlman dövlətləri İsrail qüvvələrinin Qüdsdə əl-Əqsa məscidinə basqınını pisləyib və beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıblar.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Oman Sultanlığı, Misir, Pakistan, İraq, İordaniya, Küveyt, Əlcəzair və sair müsəlman və ərəb dövlətləri İsrail qüvvələrinin ötən gün əl-Əqsa məscidinə basqınını və törətdiyi zorakılığı pisləyiblər.
Verilən bəyanatlarda beynəlxalq ictimaiyyətdən İsrailin addımlarının hüquqi və beynəlxalq qanunlar baxımından qiymətləndirilməsi və lazımi addımların atılması tələb edilib.
Bəyanatların bəzisində qeyd edilir ki, beynəlxalq ictimaiyyət İsraili bu addımlarına görə sorğuya çəkməsə, onun işğal edilmiş ərazilərdə fələstinlilərə qarşı zorakılığı daha da artacaq.
Qeyd edək ki, Fələstinin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, İsrail qüvvələrinin əl-Əqsa məscidinə ötən günkü basqınında 150-dən çox fələstinli yaralanıb və xəsarət alıb, eləcə də yüzlərlə fələstinli saxlanılıb.