Moskva ilə Vaşinqton arasında münasibətlər “acınacaqlı” vəziyyətdədir

Moskva ilə Vaşinqton arasında münasibətlər “acınacaqlı” vəziyyətdədir

Bu gün Rusiya-Amerika münasibətləri acınacaqlı vəziyyətdədir və təhlükəli xəttə yaxınlaşıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu çərşənbə günü "Pervıy" telekanalının efirində Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib. 

"Yəqin ki, əsas məsələdən başlayardım: bu gün Rusiya-Amerika münasibətlərinin niyə belə acınacaqlı vəziyyətdə olduğunu anlamağa çalışmaq. Bu gün sadəcə, Rusiya ilə ABŞ arasında münasibətlərin təhlükəli xəttə yaxınlaşdığını demək bu gün heç nə deməməyə bərabərdir. Ukrayna bu gün dünyada mövcud olan bütün o dərin problemləri ifşa etmək üçün sadəcə bir tətikdir. Amerikalıların bizə tətbiq etməyə çalışdıqları oyun qaydaları bizi qane etmir", deyə səfir bildirib. 

Rusiyalı diplomat qeyd edib ki, bu gün söhbət beynəlxalq arenada tektonik sürüşmələrdən gedir, buna qarşı Vaşinqton öz maraqları naminə yaratdığı dünya nizamını müdafiə etməyə çalışır. 

"ABŞ-ın siyasətini təsvir etməyə çalışan bəzi amerikalı tədqiqatçılar onu tənbəl şerifin işi ilə müqayisə edirlər. Deyirlər, bu elə kovboydur ki, kiçik bir qəsəbədə stolun qabağında oturub qəzet oxuyur, ağır çəkmələrini stolun üstünə qoyub, siqaret çəkir, viskini qurtumlayır. Bütün bunlar, qanqsterlər şəhərə girib onu revolverini əlinə almağa məcbur edənə qədərdir", deyə Antonov vurğulayıb. 

Səfir bildirib ki, ABŞ Moskva ilə qarşılıqlı əlaqənin bütün sahələrini dondurub, Vaşinqton Rusiya Federasiyası ilə münasibətləri sabitləşdirməkdən danışmır. 

Antonovun sözlərinə görə, ABŞ Moskva ilə diplomatik münasibətləri tamamilə kəsməyə hazır deyil, bunu yersiz hesab edir. O əlavə edib ki, tezliklə Rusiyaya yeni Amerika səfiri təyin oluna bilər. 

"Amerikalılar siyasi müstəvidə diplomatik münasibətlərin tamamilə kəsilməsinin məqsədəuyğun olmadığını bəyan edir və Moskvada öz nümayəndələrinin olmasını zəruri hesab edirlər. Yeri gəlmişkən, bu yaxınlarda elan olundu ki, yaxın gələcəkdə Moskvaya yeni səfir təyinatını gözləmək olar", deyə diplomat əlavə edib. 

Rusiyalı səfir hesab edir ki, ABŞ-ın dünya səhnəsində öz təsirini itirməsi bu gün bir çox siyasətçilərə aydındır və bu tendensiya daha da artacaq. 

Eyni zamanda, Antonovun fikrincə, Amerikanın dünya düzənini pozma prosesinin konkret nəyə gətirib çıxaracağını, ABŞ-ın gələcəkdə rolunun nə olacağını və Vaşinqtonun hazırkı vəziyyəti qoruyub saxlamasının mümkün olub-olmadığını indi söyləmək çətindir. 

"Mənə elə gəlir ki, sonuncu sualın cavabı göz qabağındadır: ümumi tendensiyanı dayandırmaq olmaz, heç kim icazə verməyəcək ki, dünyanı yalnız bir güc mərkəzi ABŞ öz əlaltılarının dəstəyi ilə idarə etsin. Nə Çin, nə Hindistan, nə də təbii ki, Rusiya. Ona görə də hesab edirəm ki, Ukrayna böhranına daha geniş aspektdən, dünya düzənini dəyişmək nöqteyi-nəzərindən baxmaq lazımdır" ,deyə diplomat qeyd edib. 

Xəbəri paylaş

VİDEOLAR